Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları və Qafqaz dini icmalarının nümayəndələri ilə Prezident İlham Əliyevin görüşünə nəzər salanda görürük ki, bu, yalnız dini liderlərin bir araya gəlməsi ilə məhdudlaşmır.
Bu görüş göstərir ki, onların Bakıda – eyni platformada toplanması ilə artıq Azərbaycan Türk dünyası, İslam aləmi və Qafqaz arasındakı mənəvi bağlar yeni məzmun qazanıb. Türk Dövlətləri Təşkilatının dini liderlərinin Bakı Bəyannaməsində həmrəylik, Türk-İslam dəyərlərinin təşviqi, dini-elmi əməkdaşlıq və nifrət çağırışlarına qarşı birgə mübarizə kimi istiqamətlərin önə çəkilməsi də bu mesajın konkret ifadəsidir.
Görüşün Yəhya Bakuvi irsi ilə eyni kontekstdə keçirilməsi isə təsadüfi deyil. XV əsrin böyük mütəfəkkirinin adı ətrafında elm, mənəviyyat, insan həmrəyliyi və dialoq ideyalarının müzakirəsi bugünkü dünyanın ehtiyac duyduğu mühüm dəyərləri yenidən gündəmə gətirir. Prezident İlham Əliyev də iki tədbirin Bakıda eyni vaxtda keçirilməsinin xüsusi məna daşıdığını vurğulayıb.
Bu mənada, 15 sentyabr Bakı görüşünün dünyaya mesajını bir cümlə ilə ifadə etmək mümkündür: mənəvi dəyərlər xalqları ayıran deyil, onları yaxınlaşdıran gücə çevrilməlidir.
Bakı isə bu mesajın səsləndirildiyi platforma kimi Türk dünyası, İslam coğrafiyası və Qafqaz arasında dialoqun, qarşılıqlı hörmətin və əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, AMKATDİ İB-nin sədri Firuzə Nadir






