Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və Demokratiya və İnsan Hüquqları Komitəsi tərəfindən həyata keçirilən “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı sorğuların keçirilməsi” layihəsi çərçivəsində vətəndaşlar arasında ictimai rəy sorğusu keçirilib.

Sorğular təsadüfi üsulla seçilmiş vətəndaşlar arasında üzbəüz aparılıb.

İştirakçılar arasında cins və yaş balansı qorunmaqla, aparılan sorğuda iştirak edən respondentlərdən tanıdıqları şəxslər arasında məhkumların olub-olmaması, həmin şəxslərin məhkum olması faktının onların ünsiyyətinə necə təsir etməsi soruşulub, müxtəlif vəzifələrdə çalışan şəxsin keçmiş məhkum olması ssenariləri təqdim edilərək bu zaman onların münasibətləri, davranışı və narahatlığı öyrənilib.

Sorğu anketləri təhlil edilərək əldə olunan nəticələr Ədliyyə Nazirliyinə və donor təşkilata təqdim olunacaqdır.

Qeyd edək ki, sorğular Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”na uyğun olaraq cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə götürülməsinə münasibətlərin öyrənilməsi məqsədilə aparılır.