Sentyabrın 7-də Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi “Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirləri barədə bilik və məlumatların artırılması” layihəsi çərçivəsində konfrans keçirib.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Tədbirdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Şirvan şəhər Yağ- Piy MMC-nin, Şirvan şəhər Peşə Litseyinin, Mənzil-təsərrüfatı idarəsinin, Arxiv İdarəsinin, İcra hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Şirvan şəhər İcra hakimiyyətinin məsul əməkdaşı Elşad Hüseynov keçirilən bu layihənin və konfransın iqlim dəyişmələri, bu dəyişikliyin Azərbaycana təsirləri mövzusunda olduğunu qeyd edib: “Şirvan Aran zonasının mərkəzində yerləşdiyindən iqlimdə baş verən dəyişikliyə daha həssasdır. İctimai Birliyin rəhbərliyinin və Radiasiya Problemləri institutunun kimya elmləri doktorunun iştirak etdiyi konfransda biz bu barədə daha geniş məlumat alacayıq. Bu cür maarifləndirici tədbirləri şəhərdə tez- tez təşkil etmək işin faydasına olardı və Şirvan əhalisi qlobal istiləşmə barədə akademik məlumatlara malik ola bilərdi”.
Layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova Şirvan şəhərinin Azərbaycanın Sənaye mərkəzlərindən biri olduğunu və bu şəhərin iqlimə daha həssas bölgədədə yerləşdiyini, su ehtiyatlarının çox az olduğu üçün layihədə bu şəhər seçilməsini qeyd edib: “Şəhəri gəzərkən xeyli yaşıllıqlar salındığını və bu yaşıllığın iqlimdə kəskin dəyişiklilərin qarşısını almaqda əhəmiyyəti var. Şəhərdə mövcud yaşıllığın mühafizə olunması və su ehtiyatlarından qənaətlə istifadəsi hər birimizin vacib işidir. Nəşr olunmuş kitabçada olan iqlimdəki dəyişiklikləri əks etdirən dioqram və qrafiklərin elmi tədqiqat materiallarından götürülüb və sadələşdirilərək hamının oxuması üçün kitabça nəşr olunub”.
Ekspert qlobal temperaturun artması ilə müşayət olunan və özü ilə birlikdə çoxlu ətraf mühit dəyişiklərinə səbəb olan hadisələr, gələcəkdə baş verə biləcək təbii hadisələrin mövcud vəziyyəti, mümkün proqnozları barədə də danışıb: “Bildiyimiz kimi 1750-ci ildən sənaye dövrünün başlanğıc tarixi kimi başlayaraq sənayenin inkişafı ilə paralel olaraq atmosferdə istilik effekti yaradan karbon dioksid, metan, Azot oksidləri və sair qazların artması iqlimdə bir çox dəyişikliyə səbəb olub. 1960-cı illərdən sonra isə temperaturun sürətli artımı baş verib. Paralel olaraq dünya əhalisinin və Azərbaycanda əhali artımı dünyada olan meşə və yaşıllıq ərazilərini xeyli azaldıb. Bu da atmosferdə olan karbon qazını (CO2) udaraq əvəzində bütün kainatı oksigenlə təmin edən yaşıllıq ərazilərinin dəfələrlə azalmasına səbəb olub”.
Layihənin təlimçisi, Radiasiya Problemləri institutunun əməkdaşı, kimya elmləri üzrə doktoru Hökmən Mahmudova dünya üzrə tədqiqatçılar tərəfindən aparılan minlərlə araşdırma Yer səthində, eləcə də atmosfer və okeanlarda temperaturun yüksəldiyini qeyd etmişdir: “Qlobal iqlimin bir çox digər aspektləri də dəyişir. Həddindən artıq yüksək temperatur və güclü yağıntı hadisələri artır, buzlaqlar və qar örtüyü azalır, dəniz buzları geri çəkilir. Hətta Azərbaycanda sel hadisəsinin heç vaxt olmadığı Naftalan, Beləsuvar və Göyçay kimi rayonlarda daşqın hadisələri baş verir. Dənizlər istiləşir, su səviyyəsi yüksəlir, turşuluğun konsentrasiyası artır və daşqınlar daha tez-tez baş verir. Yağışlı mövsümlər daha əvvəlki dövrlərlə müqayisədə uzundur və eyni zamanda iri meşə yanğınları daha tez-tez baş verir. Bir çox növlər yeni yerlərə köçür, biomüxtəliflik pozulur və iqlim dəyişikliyinin nəticəsi mühüm bioloji hadisələrin mövsümi vaxtında dəyişikliklərə səbəb olur. İnsan fəaliyyəti nəticəsində yaranan istixana qazları emissiyaları onilliklər və hətta əsrlər boyu Yer kürəsinin iqliminə təsir göstərməyə davam edəcək. İnsanlar karbon qazını təbii proseslərlə atıldığından qat-qat yüksək sürətlə atmosferə əlavə edərək, atmosferdə və okeanlarda uzunömürlü qaz anbarı yaradır bu da iqlimi daha isti və kəskin isti vəziyyətə gətirir. Şirvan kimi sənaye şəhərində qlobal istiləşmənin təsiri daha güclü olduğundan əhalinin adaptasiyası proqramları hazırlanmalı və həyata keçirilməlidir”.
S.Həsənov çıxışına davam edərək bildirdi ki, iqlim dəyişmələri Azərbaycanda da özünü göstərir, son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb: “Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artıb. 2023-cü ilin avqust ayının 1-nə olan məlumata görə ölkədə 81 sel hadisəsi baş vermişdir hansı ki, neçə on illərdir bu rəqəm 35 sel hadisəsindən artıq olmayıb. Dünyada son 100 ildəki kosmik müşahidələr göstərdi ki, tufan və çovğunların intensivliyi və tezliyi artıb, isti küləklər, qasırğalar və yağıntılar güclənib. Eyni zamanda sel və daşqın hadisələrinin sayı da artıb və bir çox qarşısıalınmaz fəsadlara səbəb olub.
Tədbirdə iştirak edən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktor müavini Aidə Əsədova çıxış edərək bildirib ki, hazırlanmış bu zəngin kitabçanın nəşr olunması bizim kollec üçün mühüm tədris vasitəsi olacaq və biz burada toplanan akademik informasiya və elmi tədqiqatlardan istifadə edərək onları tələbələrə öyrədəcəyik: “Kitabçanın paylanması tədbirdə iştirak edən insanlarda iqlimdə baş verən dəyişikliklər barədə məlumat boşluğunu aradan qaldıracaq. Gənc nəslin ekoloji tərbiyə olunması çox vacib tədris və tərbiyə metodlarından biridir və gələcəkdə ekologiyaya olan münasibəti kökündən dəyişə bilər”.
H. Mahmudov qeyd edib ki, aparılmış araşdırmalar və qiymətləndirmələr onun göstərir ki, dünyada iqlim dəyişmələri ilə bağlı bir çox problemlərin və ya istixana qazların azaldılması üçün hər bir ölkənin öhdəlikləri müəyyən olunub: “Bir çox tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Avropa Birliyi ölkələri 2030-cu ildə parnik effekti yaradan qazların azaldılmasını 50% həcmdə, 2050-ci ildə isə sıfır səviyyəsində azaldılmasını planlaşdırır. Bu cür öhdəliklərin həyata keçirilməsi iqtisadi cəhətdən sənayedə və nəqliyyatda ciddi dəyişiklərin hesabına baş verdiyindən bu qısa icmal məlumatlı kitabça ilə biz vəziyyətin nə qədər ciddi olmasını ictimaiyyətə çatdırmağı düşünürük. Bu sahədə Azərbaycan emissiyaların azaldılması və alternativ enerji istehsalına keçidlə bağlı bir çox öhdəliklər götürdüyündən islahatların aparılmasına başlanılıb. Bu islahatlar enerji sektorunda alternativ və bərpa olunan enerji istehsalına keçidi sürətləndirəcək və avtomobil nəqliyyatında ciddi tərkib dəyişmələrinə səbəb olacaq. Bu istiqamətdə Azərbaycanda və Bakı şəhərində nəqliyyatın idarəedilməsi infrastrükturunun idarəedilməsində əhəmiyyətli təkmilləşdirmələrin aparılması zəruridir. Dünyada baş verən qlobal istiləşmə və yaranan fəsadların aradan qaldırılması üçün nəqliyyatın daha az tullantı verən nəqliyyat vasitələrinə keçilməsi prosesləri bir çox ölkələrdə başlanıb”.
Tədbirdə mövzu ətrafında Şirvan Yağ-piy emalı müəssisənin nümayəndəsi Əvəzağa Şahbazov qeyd edib ki, burada deyilən məlumatlar və elmi araşdırmalar bizim üçün çox vacib məlumatlardır: “Biz həyatımızda və istehsalat prosesləri zamanı enerji qənaətli rejimə keçilməsi və daha az tullantı atılmasını tətbiq etmək üçün bu məlumatlardan bəhrələnəcəyik. Son dövrlərdə Şirvan şəhərində yaşıllıq sahələri xeyli artıb və yaşıllıqların salınması işləri davam edir. Yaşıllıq ərazilərin artması iqlimdə yaranan istixana qazlarının azalmasına təsir edə bilər”.
Tədbirdə Kollecin müəllimi İsmət Məmmədov, Mənzil təsərrüfat idarəsinin işçisi Bakıxan Əhədov və digər nümayəndələr çıxış ediblər. Müzakirədə mövzunun aktullığı və Şirvanda ictimaiyyət nümayəndələrinin və əhalinin iqlim dəyişmələri barədə biliklərinin artırılması, Şirvan şəhərində yaşılıq sahələrinin mühafizəsinin artırılması və su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, yaşıllıq sahələrinin artırılması tövsiyə olunub. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylanıb və sonra tədbir yekunlaşıb.
E-mail: [email protected] [email protected]
Pərvanə Fərhadqızı












