Yanğın təhlükəsi, xüsusilə meşələrdə baş verən yanğınlar zəmanəmizin ciddi problemlərindən biridir. Belə halların baş verməmisi üçün dövlət orqanları- Fövqaladə Hallar Nazirliyi, Ekolojiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi ciddi fəaliyyət göstərir, yeni qanunlar qəbul olunur, cərimələr sərtləşdirilir və s.

QHT.az xəbər verir ki, bununla belə, təhlükənin aradan qaldırılması üçün ictimaiyyətin, xüsusilə meşələrə yaxın ərazidə yaşayan və meşədən intensiv istifadə edən vətəndaşların bu prosesdə fəal iştirakı zəruridir. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Mühit Ekoloji Mühafizə” İctimai Birliyinə əhalinin maarifləndirilməsi üçün maliyyə vəsaiti ayırıb. “Meşəətrafı yaşayış məntəqələrində əhali arasında yanğın təhlükəsizliyi və ekoloji cinayətlər haqqında məlumatlandırma tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir meşələrin çox olduğu və turustlərin sıx gəldiyi İsmayıllı rayonunun Qalıncaq və Talıstan kəndlərində keçirilib.

Tədbiri giriş sözü ilə açan “Mühit Ekoloji Mühafizə” İctimai Birliyinin sədri Əzizağa Hünbətəliyev layihənin məqsədləri, əhali ilə əlaqələrin qurulması mexanizmləri haqqında məlumat verib, dünyada və ölkəmizdə meşə yanğınlarının törətdiyi faciələrdən danışıb.

Tədbirlərdə çıxış edən FHN-nin Şimal-Qərb Regional DYNŞ əməkdaşı Rövşən Teymurlu, ETSN-nin 6 saylı RMTM-nin nümayəndəsi Nizami Qafarov, ETSN-nin əməkdaşı Neman Kərimov, Talıstan kənd bələdiyyə sədri Şaiq Məhərrəmov və Qalıncaq kənd bələdiyyə sədri Toğrul Həsənli regionda və bələdiyyə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi və meşələrin qorunması sahəsində gördükləri işlərdən, bu tədbirlərdə yerli əhalinin köməyindən danışıblar. Çıxışlarda əsas diqqət yanğın törədilməsinə qarşı yönəlmiş tədbirlərə, gələn turistlərlə və məktəblilərlə görülən işlərə yönəldilib. Tədbirlərdə hüquqşünas Aydın Kərimov insan və ətraf mühit, ekoloji cinayətlər və yanğın məsələlərinin hüquqi aspektləri haqqında interaktiv təlim keçib. Çoxsaylı suallar cavablandırılıb, praktik məsələlər öz həllini tapıb.

Qeyd edək ki, hər iki tədbirin sonunda iştirakçılar meşə zolağının başlanğıcında, turistlərin və nəqliyyat vasitələrinin çox olduğu yerlərdə “Meşələri Qoruyaq”, “Yanğınla Ehtiyyatlı Olun” lövhələri bərkidiblər.

 

 

Pərvanə Fərhadqızı