Bu gün XIII Qlobal Bakı Forumu keçirilir. Forumda BMT-nin gələcəyi, qlobal əməkdaşlıq və beynəlxalq münasibətlərdəki dəyişikliklər müzakirə olunur. 

Politoloq Tofiq Abbasov Qlobal Bakı Forumunun Azərbaycan üçün əhəmiyyətini və ölkənin beynəlxalq dialoq siyasətini yüksək qiymətləndirərək QHT.az-a açıqlama verib.

T.Abbasovun sözlərinə görə, bu qlobal forum Azərbaycan üçün tanış formatdır və onun formalaşmasında Azərbaycanın böyük rolu olub. Politoloq vurğulayıb ki, Azərbaycan dövlətinin dünya arenasındakı siyasəti dialoq çərçivəsinin genişləndirilməsinə yönəlib və kənarda qalan bütün qüvvələrin bu formata qoşulması vacibdir.

O, qeyd edib ki, dünya heç vaxt problemsiz olmur və gündəlikdə həmişə qayğılı məsələlər üstünlük təşkil edir. T.Abbasov Cənubi Qafqaz regionunda müstəqilliyin bərpasından sonra Ermənistan və ona dəstək verən ölkələr tərəfindən Azərbaycanın ağrılı proseslər yaşadığını qeyd edib, lakin Heydər Əliyevdən başlayan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən barışıq, dialoq və təmas siyasətinin böyük uğurlar qazandırdığını vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycan Sivilizasiyalararası Dialoq, Qlobal Forum və Bakı Prosesi kimi işlək formatları təsis edib və inkişaf etdirib. “Azərbaycan öz imkanları çərçivəsində dünyanın aparıcı ictimai-siyasi personalarını, Nobel mükafatı laureatlarını, keçmiş nazir, prezidentlər, baş nazirləri dəfələrlə Bakıya dəvət edib və sülhpərvər təşəbbüslərlə irəli çıxan bu şəxsləri dinləyib”.

T.Abbasovun sözlərinə görə, torpaqların azad edilməsindən sonra Azərbaycan bir daha sübut edib ki, qayəsi ölkə daxilində və xaricində sülh yaratmaqdır. O, Azərbaycanın təhlükəsizlik mexanizmlərinin qonşu ölkələr və Avrasiya məkanındakı bir çox dövlət üçün faydalı olduğunu, regionda sabitləşdirici rol oynadığını qeyd edib.

Politoloq diqqətə çatdırıb ki, dünya arenasında gərginlik artır, ətrafda İran və Ukrayna ətrafında böyük müharibə ocaqları mövcuddur. Buna görə də sülhpərvər təşəbbüslərə böyük yer verilməli və Azərbaycan rəsmi Bakı tərəfindən bu təşəbbüsləri daim nümayiş etdirir.

Tofiq Abbasov vurğulayıb ki, “Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsləri ilə beynəlxalq qanunvericilik normalarını və BMT-nin legitimliyini qeyd-şərtsiz yaşadır və bunu digər tərəflərdən də gözləyir”. O, multikulturalizmin Azərbaycan dövlət siyasətinin vacib komponenti olduğunu, dini, irqi və milli fərqliliklərə baxmayaraq insanların sülh şəraitində yaşamalı, bir-birini eşitməli və mübadilə aparmalı olduğunu qeyd edib.

Politoloq forumun həm Azərbaycan, həm dünya birliyi, həm də qonşular üçün böyük əhəmiyyət daşıdığını, Azərbaycanın bu formatın yaradıcılarından və aparıcı qüvvələrindən biri olduğunu vurğulayıb. O, sülh, əmin-amanlıq və dialoqun ən ümdə məsələlər olduğunu və Azərbaycanın bunları bacardığı qədər yaşatdığını bildirib.
 

Fatimə Nəbiyeva