Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlığı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində "QHT sektorunda tətbiq olunan Vergi, Gömrük və Hesabatlılıq Qanunlarının Yararlılığının və Uyğunluğunun Qiymətləndirilməsi" layihəsinə start verilib.
Layihənin məqsədi qanunvericilik islahatlarını təşviq etməklə mühasibat uçotu və vergi hesabatlarında şəffaflığın, həmçinin vətədaş cəmiyyəti və özəl sektor subyektləri arasında bacarıqların və məlumatlılığın artırılmasıdır.
Layihə çərçivəsində boşluqları müəyyən etmək və müvafiq islahatların həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq məqsədi ilə mühasibat uçotu, gömrük və vergi hesabatlarını tənzimləyən qanun və qaydalar təhlil olunacaq, monitorinq və qiymətləndirmə işləri tədqiqatlar, onlayn və telefon sorğuları, müvafiq mütəxəssislər, eləcə də vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri ilə müsahibələr vasitəsilə həyata keçiriləcəkdir. Sorğuların yekununda vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri ilə dəyirmi masalar təşkil olunacaq. Nəticədə aidiyyəti qurumlara tövsiyələr təqdim etmək üçün yekun hesabat hazırlanacaq.
Layihə, həmçinin konstruktiv dialoq yolu ilə hökumət-vətəndaş cəmiyyəti tərəfdaşlığının genişləndirilməsinə öz töhfəsini verəcək.












