15 fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri Günü ilə əlaqədar “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Sosial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük mübarizənin kiçik qəhrəmanları” adlı sosial layihəyə start verilib.
QHT.az xəbər verir ki, layihənin ilk günündə ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaq, insanları xərçənq xəstəliyi ilə mübarizədə qabaqlayıcı tədbirlərin alınmasına təşviq etmək məqsədilə paytaxt və regionlarda RİİB könüllüləri tərəfindən müxtəlif məlumat xarakterli materiallar paylanılıb.
Eləcə də xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara mənəvi dəstək olmaq və onlara xoş əhval-ruhiyyə bəxş etmək üçün Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlara mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla hədiyyələr təqdim olunub.
Layihənin davamı olaraq əhalinin sıx olduğu ictimai məkanlarda, müalicə-diaqnostika mərkəzlərində, uşaq poliklinikaları və DOST mərkəzlərində maarifləndirici posterlər yerləşdirilməsi, müxtəlif sosial çarxların yayımlanması nəzərdə tutulur.
Həmçinin Milli Onkologiya Mərkəzinin səyyar həkim heyəti tərəfindən regionlarında uşaqlarda onkoloji xəstəliklərin erkən diaqnostikası və qarşısının alınması məqsədilə onların səyyar ultrasəs və rentgen müayinələrinin aparılması və müalicəsi planlaşdırılır.












