Prezident İlham Əliyevin dekabrın 7-də verdiyi sərəncama əsasən 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova növbədənkənar prezident seçkisi ilə bağlı QHT.az- a müsahibə verib. QHT sədrinin müsahibəsini diqqətinizə çatdırırıq.
QHT.az: Qarşıdan gələn prezident seçkiləri ilə bağlı ümumi qiymət verə bilərsinizmi?
Bəsti Nəsibova: Ölkəmizdə qarşıdan gələn prezident seçkiləri ilə bağlı ilkin hazırlıqlara başlanlıb. Mərkəzi Seçki Komissiyasında mütəmadi olaraq gedən iclaslar və onların mediada işıqlandırlması, ictimai-siyasi xadimlərin, sadə insanların müzakirələri, medianın bu mövzuya daha çox önəm verməsi, küçələrdə seçkilərlə bağlı yerləşdirilən posterlər günümüzə bir canlanma, xoş ovqat gətirib. Ən əsası isə ölkə başçısı İlham Əliyevin yerli media nümayəndələrinə verdiyi müsahibədə dediyi kimi ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Bunun özü isə artıq tarixi bir hadisədir. Bir sözlə seçki öncəsi prosseslər öz axarında, demokratik səviyyədə aparılır.
QHT.az: QHT olaraq seçki prosesində hansı məsələlərə diqqət yetirməyi planlaşdırırsınız?
Bəsti Nəsibova: QHT-lər cəmiyyətin, dövlətin əsas, mühüm sahəsi hesab olunur. Ona görə də ölkədə baş verən istənilən prossesə, hadisəyə profilindən asılı olmayaraq hər bir vətəndaş cəmiyyəti diqqətlə yanaşır. O ki qaldı, prezident seçkilərinə, sözsüz ki, hər bir vətəndaş cəmiyyəti kimi mənim təmsil etdiyim “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB də fəal olub və olacaq da. Çünki söhbət ölkənin taleyindən, gələcəyindən gedir. Biz təşkilat olaraq seçki öncəsi prossesləri izləməklə yanaşı, bu işlərdə nələr edə biləcəyimizi, cəmiyyətimizə necə dəstək olacağımızı da saf-çürük etmişik. İlk olaraq bir Azərbaycan vətəndaş kimi seçki günü böyük iftixarla səs verməyə gedəcəyəm. Sonra QHT rəhbəri kimi seçki prossesini izləyəcəm.
QHT.az: Seçki prossesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verə bilərsinizmi?
Bəsti Nəsibova: Şəffaflığın və ədalətli mühitin təmin edilməsi ilk olaraq seçkilərin azad, demokratik keçirilməsindən irəli gəlir. Seçki günü vətəndaşlar sərbəst şəkildə seçki məntəqlərinə getməli və istədikləri namizədə səs verməlidirlər. Media sözsüz ki, heç bir maneə olmadan seçki prossesini işıqlandırmalıdır. Eləcə də yerli və beynəlxalq müşahidəçilərin iştirakı təmin olunmalıdır. Sonda səslər açıq şəkildə sayılmalıdır.
QHT.az: QHT sədri olaraq vurğulamaq və ya diqqət yetirmək istədiyiniz məsələlər varmı?
Bəsti Nəsibova: İnanıram və hətta əminəm ki, bu seçki ölkəmizə daha böyük uğurlar gətirəcək. Biz yeni mərhələyə keçmişik, torpaqlarımız azad olunub, ölkəmiz bütövləşib. Mən həmişə seçkilərdə həm bir vətəndaş kimi, həm də QHT rəhbəri kimi fəal olmuşam. Bu dəfə isə ikiqat fəalam və qürurluyam. Ötən ilin yayında ana yurdum olan Kəlbəcərə getdim, uşaqlığımın, gəncliyimin xatirələrini yaşadım, o yerlərdə. Odur ki, mən sonda sizə onu demək istəyirəm ki, mənim səs verəcəyim namizəd birmənalı şəkildə Kəlbəcərimə və digər yurdlarımızı bizə qaytaran cənab İlham Əliyevdir!
Pərvanə Fərhadqızı
QHT.az












