Prezident İlham Əliyevin dekabrın 7-də verdiyi sərəncama əsasən 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçki prosesində diqqət yetiriləcək məsələlər, növbədənkənar seçki ilə bağlı QHT.az- ın suallarını “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov cavablandırıb.

 

QHT.az: Qarşıdan gələn prezident seçkiləri ilə bağlı ümumi qiymət verə bilərsinizmi?

 

Adil Nəsibov: 1993-cü ildən etibarən ölkəmizdə daha şəffaf seçkilər keçirilir. Dəfələrlə həm prezident, həm deputat, həm də bələdiyyə seçkilərində iştirakım zamanı bunun şahidi olmuşam. Seçkiyə daxil olarkən barmağımda şəffaf boyanın olub-olmamasının yoxlanılması, bundan sonra barmağıma şəffaf boyanın vurulması seçki prosesinə obrazlı desəm bərq vuran əlavə bir şəffaflıq rəngi qatmış oldu. Erməni işğalı altında olan 20 faiz torpaqlarımızın 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə böyük bir hissəsi, 2023-cü il sentyabr ayında 1 gündən də qısa müddətdə bütövlüklə işğaldan azad edilən Azərbaycanımız bu il fevral ayının 7-də azad edilmiş bütün ərazilərində 30 ilə yaxın müddətdə ilk dəfə olaraq “Zəfər seçkisi” keçirəcək. Yeri gəlmişkən qeyd edim ki, yaradıcılığını təbliğ etdiyimiz Bəhram Nəsibovun “Qarabağ” mahnısını 44 günlük Vətən müharibəsinin təbii himninə çevrilmişdi. Bu seçki 30 illik işğal zamanı xarabalığa çevrilmiş ərazilərin 3 il kimi qısa müddətdə Avropa standatrlarına uyğun yenidən qurularaq seçkilərə hazır vəziyyətə gətirilməsi iqtidarında olan Azərbaycanın gücünü, qüdrətini dünyaya göstərməsi, beləliklə işğaldan tam azad edilən azad Azərbaycanda azad seçki keçirməklə ikinci dəfə “Dəmir yumruğ”un dünyada zəfər çalması deməkdi. Belə bir prosesə əvvəldən - yəni seçki propaqandası və seçki ərəfəsinə, eləcə də andiçmə mərasiminə dəstək vermək hər bir vətəndaşın borcudur. Dövlətçiliyimiz üçün bu qədər əhəmiyyətli olan bu prosesdə - “Zəfər seçkisi”ndə,  QHT-lərin “Dəmir yumruq” koalisiyasında birləşməsini arzulayıram.      

 

QHT.az: QHT olaraq seçki prosesində hansı məsələlərə diqqət yetirməyi planlaşdırırsınız?

 

Adil Nəsibov: Hesab edirəm ki, seçki prosesində seçiciləri fəallığa təşviq etmək üçün seçkinin şəffaflığını əks etdirəcək təbliğat yönümlü sosial video çarxların hazırlayaraq audio-vizual təbliğat aparmaq effektli olar. Bunun üçün QHT sektorunun qeyd etdiyim kimi yaradacağı koalisiyaya Televiziyalarımız və Mədəniyyət Nazirliyini də cəlb etmək aparılacaq işlərin daha da effektli olması deməkdir. Həmin sosial video çarxlarda prezidentliyə namizədlərinin platforması, namizədliklərinə qədərki dövrdəki fəaliyyətləri ilə platformaları arasında uyğunluğun olub-olmaması izah ediləcək. Namizədlərin xalqla olan səmimi görüşləri, vaxtı ikən vermis olduğu vədlərin, neçə faizini və hansı formada həyata keçirilməsi həmin sosial video çarxda əksini tapacaq. Fevral ayının 6-da, yəni təbliğat prosesi başa çatdıqdan sonra QHT-lərin “Dəmir yumruq” koalisiyası canlı konsert proqramları təşkil edilmədir. Konsert proqramında Dövlətçiliyimizi tərənnüm edən mahnı və marşlar ifa edilməli, siyasi şərhlər aparılmalı, seçkinin şəffaflığı seçki məntəqələrindən daxil olan video və foto materiallarla əks olunmalıdır. Video materiallarda seçicilərin və müşahidəçilərin məntəqələrdə gördüyü vəziyyət əks edilməlidi. Öncədən hazırlanmış video çarxda seçki büllütenlərinin paylanılmasından başlayaraq, seçki məntəqələrinin qurulması, seçki qutularının seçki məntəqəsinə gələ bilməyən vətəndaşların evlərində hansı formada aparılması və seçki prosesinin orada da neçə şəffaf həyata keçirilməsi prosesi də və s. proseslər video çarxlar  formasında konsert proqramına parallel olaraq ekranda əks etdirilməlidi. Konsert proqramının sonunda qalib gəlmiş namizədə, digər namizədlərin təbrikləri və ona gələcək fəaliyyətində hansı formada dəstək ola biləcəkləri fikri də yer almalıdır. Nəticə etibari ilə bəzi seçicilərdə seçkiyə qarşı yaranmış “Təkcə mənim səsverməyimlə heç nə dəyişməyəcək” kimi fikirlər tamam fərqli fikirlə əvəz olunacaq. Bunu özü də konsert proqramında təqdim ediləcək canlı müsahibələrdə yer alacaq. “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi maliyə dəstəyi tapacağı təqdirdə sadaladığım fikirləri müstəqil formada da icra etmək iqtidarındadır.       

 

QHT.az: Seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verə bilərsinizmi?

 

Adil Nəsibov: Bu il 30 illiyi qeyd olunan “Əsrin müqaviləsi”nə (yeri gəlmişkən qeyd edim ki, bəstəkar Bəhram Nəsibov bu mövzuda da mahnı bəstələyib) qədər ölkəmizdə bütün sahələr, birinci Qarabağ müharibəsinin, 20 faiz torpaqlarımızın itirilməsi, qaçqın-köçkünlərin olması və s. səbəblər ölkəmizi çox çətin vəziyyətə salmışdı. Belə bir çətin vəziyyətdə seçki məntəqəsinə daxil olanda, bəsit, primitiv formada olan məntəqə seçicidə assosiativ olaraq seçkinin saxta olacağı fikrini yaradırdı. Dünya şöhrətli, dahi siyasətçi, Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunu layiqincə, uğurla davam etdirən  Prezident İlham Əliyev cənablarının fəaliyyəti nəticəsində Azərbaycanda bütün sahələr Avropa standartlarına çatdırılıb, hətta onları qabaqlayıb. Artıq neçə seçkidir ki, dünya standartlarına uyğun qurulan seçki məntəqələrində yaradılan şəraitə valeh olan seçicilər tərk etmək istəmirlər. Özlərini vaxtı ikən həsrətində olduqları dünyanın ən inkişaf etmiş, öncül ölkələrində olan seçki prosesində hiss edirlər. Artıq neçə illərdir ki, seçki prosesini internet üzərindən canlı izləmək şansımız var. Ona görə də düşmən dəyirmanına su tökməyə hesablanmış feyk video çəkilişlər aparılmasına qadağa qoyulmalıdır. Həmin feyk videolar dərhal sosial şəbəkələrə yüklənilir və dərhal da Azərbaycanın əleyhinə təbliğat aparanlar tərəfindən sanki rəsmi məlumatmış kimi istifadə edilir. Çəkiliş aparmaq istəyənlər internet üzərindən hər anını, hər saniyəsini təqib etdikləri seçki prosesini canlı formada izləyə və köçürə bilərlər. Təklif etdiyim QHT-lərin “Dəmir yumruq” koalisiyası yaradılarsa fəaliyyət göstərən hər bir QHT özünün nümayəndəsini artıq sistemli şəkildə, vahid konsepsiya əsasında - seçki prosesində şəffaflığın pozulduğunu iddia edən şəxslərə tutarlı faktlarla izahat verilməsi prosesinə, ümumilikdə seçki prosesinə nəzarətə də cəlb edə bilər.   

 

QHT.az: QHT sədri olaraq vurğulamaq və ya diqqət yetirmək istədiyiniz məsələlər varmı?

 

Adil Nəsibov: Yaradılacaq QHT-lərin “Dəmir yumruq” koalisiyası seçki prosesində iştirak etmək istəməyən bəzi radikal vətəndaşlar, eləcə də ilk dəfə seçki prosesinə qoşulacaq, seçki prosesində təcrübəsi olmayan vətəndaşlarla təlim xarakterli görüşlər təşkil edərsə həm seçiciləri seçkidən yayınmamağa, bir səsin belə nə qədər əhəmiyyətli olmasını izah edər, seçicilərin platformaları haqqında foto-video formatda məlumat verərək seçiciləri seçki prosesinə təşviq edə bilər. Həmin görüşlər seçki prosesinə böyük maliyə vasaiti ayrılmasını, nə qədər vaxt və zəhmət çəkildiyini izah edərək, seçkiyə qatılmamağın Dövlətimizə, eləcə də Dövlətçiliyimizə bu baxımdan vurulan zərbə olduğunu izah etmiş olar. Seçki prosesində yaradıcılığını təbliğ etdiyimiz bəstəkar Bəhram Nəsibovun “Qarabağ zəfərinin memarı”na həsr etdiyi mahnının mətni ilə səs verəcəyim namizədə uğurlar arzulayıram.

 

 

Pərvanə Fərhadqızı

QHT.az