Prezident İlham Əliyevin dekabrın 7-də verdiyi sərəncama əsasən 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçki prosesində diqqət yetiriləcək məsələlər, şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında, növbədənkənar seçki ilə bağlı QHT.az- ın suallarını Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov cavablandırıb.

 

QHT.az: Qarşıdan gələn prezident seçkiləri ilə bağlı ümumi qiymət verə bilərsinizmi?

 

Anar Xəlilov: Dünya hər gün yenilənir və yüksək texnologiyalar dövrünə qədəm qoyaraq sürətlə inkişaf edir. Bu inkişaf cəmiyyətlərin digər sahələrinin də inkişafını labüd edir. Bu səbəbdən dövlət idarəçilik institutlarının da sürətli inkişafı üçün islahatların aparılması prioritet olaraq vacib hesab edilir. Hesab edirəm ki, Azərbaycanda da bütün sahələrdə gedən yüksək inkişaf idarəçilik sahəsində də islahatların aparılmasını tələb etdiyindən bu gün ölkə rəhbərinin müvafiq qərarı ilə növbədənkənar prezident seçkiləri təyin olunub. Azərbaycanda bu gün demokratik seçki mühiti var və istənilən namizəd qanuna uyğun formada öz namizədliyini irəli sürə bilər. Xalqımızın da seçki maarifçiliyini yüksək qiymətləndirirəm. Bu seçkinin daha bir özəl tərəfi isə müstəqilliyimizin bərpasından sonra ilk dəfə olaraq ərazi bütövlüyümüzün tam bərqərar olması şəraitində seçki keçiriləcəyidir. İlk dəfə olaraq azad olunmuş ərazilərimizdə seçki məntəqələri fəaliyyət göstərəcək. Bu isə şəxsən bir şuşalı olaraq, Şuşa qeydiyyatlı QHT rəhbəri kimi məni çox sevindirir.

 

QHT.az: QHT olaraq seçki prosesində hansı məsələlərə diqqət yetirməyi planlaşdırırsınız?

⁠

Anar Xəlilov: Əsas işğaldan azad olunmuş ərazilərimiz üzrə aparılacaq seçki prossesinə diqqətimi ayıracam. Artıq azad olunmuş ərazilərdə seçki prossesində iştirak etmək üçün, müşahidəçi statusunda olmağımla bağlı sənədlərimi MSK-ya təqdim etmişəm. Eyni zamanda keçmiş məcburi köçkünlərimizin bu seçkilərdə daha da fəal olmaqları üçün çalışacam. Xüsusilə ilk dəfə səs verəcək gənclərimizlə.

 

QHT.az: Seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verə bilərsinizmi?

 

Anar Xəlilov: Azərbaycanda tam şəffav və demokratik seçki mühiti var. Heç bir maneə yoxdur. Bütün namizədlər üçün də bərabər imkanlar yaradılıb. Beynəlxalq müşahidəçilər dəvət edilib. Yerli vətəndaş cəmiyyəti üzvlərinin seçkilərdə müşahidəçi olmalarına və prossesi izləmələrinə tam şərait vardır. KİV üçün bütün şərait yaradılıb. Sosial şəbəkələrdə də bu prosses şəffav şəkildə və maneəsiz müşahidə edilir.

 

QHT.az: QHT sədri olaraq vurğulamaq və ya diqqət yetirmək istədiyiniz məsələlər varmı?

 

Anar Xəlilov: QHT sədri olaraq onu vurğulamaq istəyirəm ki, xalqımız bu seçkidə də əvvəlki illərdə olduğu kimi yüksək fəallıq nümayiş etdirəcək və yenə də layiqli namizədə səs verəcəkdir. Ən əsası odur ki, bu seçkilər ərazi bütövlüyümüzün tam bərpa olduğu dövrdə keçirilir. Azad olunmuş ərazilərimizdə bu gün səs verəcək vətəndaşlarımızın fəallığı və sevinci daha yüksək olacaq. Şuşada, Laçında, Xankəndində, Füzulidə, Ağdamda və s. seçki məntəqələrimizin yaradılması bizə qürur verir. Bunu təmin edən Ali Baş Komandan Cənab İlham Əliyevə, Ordumuzun əsgərlərinə, Qazilərimizə minnətdarlığımı bildirir, Allahdan Şəhidlərimizə rəhmət diləyirəm.

 

Pərvanə Fərhadqızı

QHT.az