Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlərlə bağlı QHT.az- a eksklüziv müsahibə verib. QHT sədrinin müsahibəsini diqqətinizə çatdırırıq.

 

QHT.az: Hafiz müəllim, mövcud fəaliyyətləriniz haqqında danışa bilərsiniz?

 

Hafiz Səfixanov: 28-29 may 1998-ci il tarixlərdə Moskva şəhərində keçmiş SSRİ ərazisində piyadalar əleyhinə mina probleminə həsr olunmuş “Minasız gələcək üçün yeni addımlar” adlı beynəlxalq konfrans keçirildi. Bu konfrans başa çatdıqdan sonra 3 iyun 1998-ci il tarixdə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi yaradıldı və elan edildi. 31 yanvar 2007-ci il tarixdə Birlyimiz Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, qeyri-hökumət, qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır. Mövcud fəaliyyət nizmnamədə nəzərdə tutulmuş məqsədlərə çatmaq üzrə davam etdirilir. Hal-hazırda Kanadanın Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirtdiyimiz “Azərbaycanda mina və PHS probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabatın hazırlanması, minaların və PHS-in qurbanlara və icmalara təsirinin öyrənilməsi” layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan Respublikasının bütün ərazisində, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə mina/PHS problemi ilə bağlı təhqiqat apararaq hesabat hazırlamaq, qərar qəbul edən şəxslər, QHT-lər və geniş ictimaiyyət arasında məlumatlılığın artırılması və mina/PHS-lərin qurbanlara və icmalara, xüsusən də azad edilmiş ərazilərə geri qayıdanlara təsirinin öyrənilməsi məqsədilə tədqiqatların aparılması işləri həyata keçirilir.

 

QHT.az: Təşkilatınızın missiyası, məqsədləri, nailiyyətləri haqqında danışa bilərsiniz?

 

Hafiz Səfixanov: Təşkilatın məqsədi “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi”nə dair BMT Konvensiyasını təbliğ etməkdən, mina partlayışları zamanı həlak olmuş şəxslərin ailə üzvlərinin və əlillərin fiziki reabilitasiya, psixoloji, hüquqi, iqtisadi, sosial problemlərinin həll olunmasına səylər göstərmək və bu insanların cəmiyyətə inteqrasiya olunmasına nail olmaqdan və minaların yaratdığı problemlərin aradan qaldırılması üçün araşdırmalar aparmaqdan ibarətdir. minaların yaratdığı problemlərin monitorinqini, mina problemləri ilə bağlı əhaliyə və dövlət orqanlarına məlumatların çatdırılması istiqamətində kampaniya aparır. Keçmiş cəbhə bölgəsində yaşayan əhali üçün Mina Riskinin Maarifləndirilməsi Proqramları, keçmiş SSRİ ərazisində ilk dəfə Azərbaycanda mina qurbanları haqqında məlumat bazası yaradıb və minadan zərərçəkənlərin ehtiyaclarının qiymətləndirilməsini həyata keçirib. Təşkilatımız keçmiş SSRİ ərazisində ilk dəfə Azərbaycanda minadan zərər çəkmiş şəxslərə kiçik biznes qurmaq üçün maliyyə vəsaiti verməyə nail olub. Həmçinin mina qurbanlarına hüquqi, psixoloji yardımla bağlı 60 seminar keçirmiş və qeyd olunan tədbirlər zamanı onlara öz kiçik bizneslərini qurmağı öyrədib. Təşkilat “Piyadalar əleyhinə minaların istifadəsinin, ehtiyatının yığılmasının, istehsalının və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” BMT Konvensiyasını (Ottava Konvensiyası) Azərbaycan dilinə tərcümə edib və nəşr etdirib, ictimai kampaniya çərçivəsində İTV-də Konvensiyanın bəzi maddələri nümayiş etdirilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, ANAMA, QHT nümayəndələrinin, minadan zərərçəkənlərin və müxtəlif universitetlərdən olan tələbələrin iştirakı ilə Azərbaycanda mina problemlərindən bəhs edən bir saatlıq televiziya tok-şousu təşkil edib. MDB, Türkiyə və İran nümayəndələrinin iştirakı ilə piyadalar əleyhinə minalar və kasetli silahlar problemlərinə həsr olunmuş iki beynəlxalq seminar təşkil edib. Azərbaycanda mina və kasetli silahlar problemi ilə bağlı 42 aylıq məlumat bülleteni hazırlamış, 64 mətbuat konfransı keçirmiş, KİV-də 800-dən çox məqalə dərc edilmiş və müsahibələr verib.

  

QHT.az: Təşkilatınızın cəmiyyətə təsiri və sosial inkişafı üçün hansı addımlar atılır?

 

Hafiz Səfixanov: Ötən ilin sonunda Bakıda Milli Məclis üzvlərinin, ANAMA, müvafiq nazirliklərin, Ombudsman Aparatının, Avropa birliyi ölkələrinin və Böyük Britaniya səfirlərinin, ABŞ və Fransa səfirliyinin, beynəlxalq təşkilatların (BMT İP, BQXK), beyin mərkəzlərinin, QHT-lərin, mina qurbanlarının, müstəqil ekspertlərin və medianın iştirakı ilə iki böyük tədbir təşkil etdik. Bu tədbirlərdə Azərbaycandakı mina problemləri, minalarla mübarizə, beynəlxalq birliyin bu problemin həllində rolu və s məsələlər ətraflı müzakirə olundu. Bu tədbirlərin cəmiyyətə çox böyük təsiri olduğu indi də hiss olunur. 

 

QHT.az: Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz, istiqamətlər və məqsədlər nələrdən ibarətdir?

 

Hafiz Səfixanov: Hazırda minaların yaratdığı problemlər çox böyükdür. Azərbaycan ərazilərinin minalarla və PHS çirklənmə səviyyəsinə görə Avropa ilk üç ölkədən, dünyada isə ilk on ölkədən biridir. Bizdə olan mina qurbanlarının sayı Cənubi Qafqazda olan mina qurbanlarının ümumi sayından çoxdur və təəssüf ki, qurbanların sayı artmaqdadır. Rəsmi məlumata görə Azərbaycanda mina problemlərini həll etməyə 30 il vaxt lazım ola bilər. bütün bunları nəzərə alaraq növbəti aylarda və illərdə də öz fəaliyyətimizi davam etdirməyə və hətta alınarsa daha da genişləndirməyə çalışacağıq.

 

Pərvanə Fərhadqızı

QHT.az