Səssiz Ünsiyyət- Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, jest dili təlimçisi və tərcüməçi Şamil Sabirzadə sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlərlə bağlı QHT.az- a eksklüziv müsahibə verib. QHT sədrinin müsahibəsini diqqətinizə çatdırırıq.
QHT.az: Şamil müəllim, mövcud fəaliyyətləriniz haqqında danışa bilərsiniz?
Şamil Sabirzadə: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevanın təşəbbüsü ilə “Uşaq hüquqları konvensiyası” nın jest dilinə tərcüməsi, Tünzalə Ağayeva ilə “Bu gün hər şey yaxşı olacaq”, Elnarə Xəlilova ilə “Xocalıya ədalət” və Aygün Bəylərlə “Qarabağ” mahnısına çəkilmiş sosial kliplər, Nizami Kino Mərkəzində “Madaqaskar”, “Benim dünyam”, “Bir xalanın sirri”, “Fəryad” filmlərinin jest dilinə tərcümə ilə təqdimatı, Bakı Kitab Mərkəzi və Libraff kitab şəbəkəsi ilə birlikdə ayda 1 dəfə olmaqla nitq və eşitmə məhdudiyyətli uşaqların maariflənməsini təmin etmək məqsədilə jest dilini həyata keçiririk.
QHT.az: Təşkilatınızın missiyası, məqsədləri nədir?
Şamil Sabirzadə: Eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir. Eyni zamanda əhalinin sosial müdafiəsi və sağlamlığının qorunması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslərin ünsiyyət dili olan jest dilinin öyrənilməsi və təbliğinə kömək etmək, müvafiq istiqamətdə maarifləndirmə işini təşkil etməkdən ibarətdir.
QHT.az: Cəmiyyətə təsiri və sosial inkişafı üçün təşkilat hansı addımlar atır?
Şamil Sabirzadə: Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir. Dövlət başçısı “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlilliyi olan şəxslər cəmiyyətdə fəal rol oynasınlar. Yəni onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” deyə bəyan etmişdir. Hazırda ölkəmizdə 600 mindən çox əlilliyi olan şəxs vardır və onlar Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinət alırlar.
QHT.az: Son olaraq deyə bilərsiniz, gələcək planlarınız, tədbirləriniz, istiqamətlər nələrdən ibarətdir?
Şamil Sabirzadə: Gələcəkdə təşkilat olaraq nitq və eşitmə qabiliyyəti məhdud şəxslərin (uşaq və gənclərin) maariflənməsi, iş imkanlarının yaradılması, eyni zamanda sosial həyata adaptasiya olması üçün layihələrimizi davam edəcəyik.
Pərvanə Fərhadqızı
QHT.az












