Nyu-Yorkda keçirilən BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumu (HLPF 2026) çərçivəsində beynəlxalq qeyri-hökumət təşkilatları hökumətləri 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasını sürətləndirməyə çağırıblar.

QHT.az xarici mediaya istinadən bildirir ki, forumda çıxış edən vətəndaş cəmiyyəti nümayəndələri bildiriblər ki, iqlim dəyişikliyi, yoxsulluğun azaldılması, təmiz suya çıxış, dayanıqlı şəhərlərin qurulması və bərabər inkişaf istiqamətində qlobal irəliləyiş hələ də kifayət etmir. Onların fikrincə, mövcud temp 2030-cu ilədək müəyyən edilmiş hədəflərə çatmaq üçün yetərli deyil. 

QHT-lər hökumətləri sosial və ekoloji layihələrə ayrılan maliyyənin artırılmasına, yerli icmaların qərarların qəbulunda daha fəal iştirakının təmin edilməsinə və beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə çağırıblar. Bildirilib ki, vətəndaş cəmiyyətinin proseslərə daha geniş cəlb olunması Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını sürətləndirə bilər.

BMT-nin məlumatına görə, HLPF 2026 iyulun 7-dən 15-dək davam edəcək. Forumun əsas mövzusu “2030 Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri naminə transformativ, ədalətli, innovativ və əlaqələndirilmiş fəaliyyət”dir. Bu il forum çərçivəsində xüsusilə təmiz su və sanitariya, əlçatan və təmiz enerji, sənaye və innovasiya, dayanıqlı şəhərlər, eləcə də məqsədlər naminə tərəfdaşlıqlar üzrə görülən işlər nəzərdən keçirilir.