IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasında təmsilçiliyi ilə bağlı səsləndirdiyi fikirlər Qlobal Cənub ölkələrində müsbət qarşılanıb. Bunu QHT.az-a açıqlamasında Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini, Qlobal Cənub QHT Platformasının Katibliyinin nümayəndəsi Nədimə Rəhimli bildirib.
Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini, Qlobal Cənub QHT Platformasının Katibliyinin nümayəndəsi Nədimə Rəhimli QHT.az-a açıqlamasında bildirib ki, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında nüfuzunu bir daha nümayiş etdirən mühüm platforma olub.
Onun sözlərinə görə, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən forumda qlobal media gündəminin əsas istiqamətləri, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlıq məsələləri geniş müzakirə edilib.
N.Rəhimli qeyd edib ki, forumun ən əlamətdar məqamlarından biri Prezident İlham Əliyevin iştirakçılarla görüşü və onların çoxsaylı suallarını ətraflı cavablandırması olub.
“Xüsusilə Keniyadan olan jurnalistin Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasında təmsilçiliyi ilə bağlı sualına cənab Prezidentin verdiyi cavab Afrikanın media və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən böyük maraqla qarşılandı. Dünəndən etibarən Qlobal Cənub QHT Platformasına üzv olan, eyni zamanda əməkdaşlıq etdiyimiz Afrikanın müxtəlif ölkələrindən olan aparıcı media və QHT nümayəndələri müxtəlif platformalarda cənab Prezident İlham Əliyevin ədalətli və prinsipial mövqeyinə görə minnətdarlıqlarını ifadə edirlər”, – deyə o bildirib.
N.Rəhimli vurğulayıb ki, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasında Afrika İttifaqının təmsil olunmasının vacibliyini qeyd etməsi beynəlxalq münasibətlərdə daha ədalətli və balanslı yanaşmanın göstəricisidir.
O, həmçinin dövlət başçısının Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının inkişafı, Qoşulmama Hərəkatına sədrlik dövründə, xüsusilə COVID-19 pandemiyası zamanı Afrika dövlətlərinə göstərilən dəstəklə bağlı fikirlərinin də tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Nədimə Rəhimlinin sözlərinə görə, Şuşa Qlobal Media Forumu bu il də qlobal informasiya məkanında etimadın möhkəmləndirilməsi, həqiqətin təşviqi və beynəlxalq media əməkdaşlığının inkişafı baxımından mühüm mesajlar verən nüfuzlu platforma kimi öz əhəmiyyətini bir daha təsdiqləyib.












