BMT-nin Qeyri-Hökumət Təşkilatları üzrə Komitəsinin (NGO Committee) növbəti sessiyasında ECOSOC-un məşvərətçi statusu almaq istəyən QHT-lərin müraciətlərinin təsdiq səviyyəsi rekord dərəcədə aşağı düşüb. Sessiyada əvvəlki illərdən təxirə salınmış müraciətlərin cəmi 5,2 faizi müsbət rəy alıb.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) məşvərətçi statusu QHT-lərə BMT-nin iclaslarında iştirak etmək, çıxış etmək, siyasət tövsiyələri təqdim etmək və tədbirlər təşkil etmək imkanı verir. Bu statusun verilməsi ilə bağlı qərarları 19 ölkədən ibarət BMT-nin QHT Komitəsi qəbul edir.
2023–2026-cı illər üzrə fəaliyyət göstərən Komitənin son sessiyasında ümumilikdə 463 müraciətə baxılıb. Bunlardan 102-si yeni, 361-i isə əvvəlki sessiyalardan təxirə salınmış ərizələr olub.
Sessiyanın yekununda 90 təşkilata xüsusi məşvərətçi statusunun verilməsi tövsiyə edilib. Onlardan 71-i yeni müraciətçi olub ki, bu da yeni ərizələrin 69,6 faizini təşkil edir. Təxirə salınmış 361 müraciətdən isə cəmi 19-u təsdiqlənib. Bu göstərici 5,2 faiz olmaqla indiyədək qeydə alınan ən aşağı səviyyə hesab edilir.
Müqayisə üçün, əvvəlki sessiyada 618 müraciətdən 214-nün təsdiqlənməsi tövsiyə edilmişdi. Həmin vaxt yeni müraciətlərin 62,4 faizi, təxirə salınmış müraciətlərin isə 17,3 faizi müsbət rəy almışdı.
Komitənin sədri olmuş Andrew Sigley sessiyada çıxışı zamanı üzv dövlətləri vətəndaş cəmiyyətinin BMT-də iştirakını asanlaşdırmağa çağırıb. O bildirib ki, müraciətlərə vaxtında, şəffaf və qərəzsiz baxılması vacibdir, uzunmüddətli təxirəsalmalar isə həm prosesə olan etimadı, həm də Komitənin nüfuzunu zəiflədir.
Sessiya zamanı Əlcəzair nümayəndəsi də müraciətlərin qiymətləndirilməsində ədalətli prosedurların daha aydın müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Müşahidəçilərin fikrincə, təxirə salınmış müraciətlərin rekord dərəcədə az hissəsinin təsdiqlənməsi BMT-də vətəndaş cəmiyyətinin iştirakının siyasiləşməsi ilə bağlı narahatlıqları daha da artırır.












