Avropa Parlamenti qlobal humanitar böhranların dərinləşməsi fonunda Avropa İttifaqının humanitar yardım siyasəti və maliyyələşdirilməsinin artırılması məsələsini müzakirəyə çıxarıb. Deputatların gündəliyində beynəlxalq humanitar hüququn qorunması, mülki əhalinin müdafiəsi və böhran bölgələrinə yardımın daha effektiv çatdırılması əsas mövzular sırasındadır.
QHT.az xarici mediaya istinadən bildirir ki, müzakirələr zamanı bildirilib ki, dünyada silahlı münaqişələr, təbii fəlakətlər və məcburi köçkünlərin sayının artması humanitar yardıma olan tələbatı rekord həddə çatdırıb. Bu səbəbdən Avropa İttifaqının humanitar yardım büdcəsinin gücləndirilməsi və yardımların daha çevik mexanizmlərlə çatdırılması təklif olunur.
Beynəlxalq humanitar QHT-lər də Avropa Parlamentinin təşəbbüsünü dəstəkləyərək, yardım proqramlarının maliyyəsinin azaldılmasının milyonlarla həssas insanın həyatına mənfi təsir göstərə biləcəyini bildiriblər. Təşkilatlar Aİ-ni humanitar prinsiplərə sadiq qalmağa, qeyri-hökumət təşkilatlarını strateji tərəfdaş kimi dəstəkləməyə və böhran bölgələrində fəaliyyət göstərən yerli təşkilatlarla əməkdaşlığı genişləndirməyə çağırıblar.
Avropa Parlamenti üzvlərinin qəbul edəcəyi yekun mövqenin gələcək dövrdə Aİ-nin humanitar yardım siyasətinin formalaşdırılmasına və beynəlxalq humanitar əməliyyatların maliyyələşdirilməsinə təsir göstərəcəyi gözlənilir.












