Almaniyada fəaliyyət göstərən 110 vətəndaş cəmiyyəti təşkilatı hökumətin İnformasiya Azadlığı Aktına (IFG) dəyişiklik etmək planına etiraz edib. QHT-lər hesab edir ki, təklif olunan dəyişikliklər dövlət sənədlərinə çıxışı məhdudlaşdıracaq və korrupsiya, eləcə də vəzifədən sui-istifadə hallarının araşdırılmasını çətinləşdirəcək.  

QHT-lərin yaydığı açıq məktubda bildirilir ki, 2006-cı ildən qüvvədə olan qanun jurnalistlərə, tədqiqatçılara və vətəndaş cəmiyyəti təşkilatlarına dövlət qurumlarından rəsmi sənədlər tələb etmək imkanı yaradıb. Təşkilatlar iddia edirlər ki, hökumətin hazırladığı yeni islahat paketi şəffaflığı zəiflədə və ictimai nəzarət mexanizmlərini məhdudlaşdıra bilər.  

QHT.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, hökumət dəyişiklikləri inzibati yükün azaldılması və dövlət orqanlarının işinin daha səmərəli təşkili ilə əsaslandırır. Bununla belə, vətəndaş cəmiyyəti nümayəndələri xəbərdarlıq edirlər ki, məlumat əldə etmək hüququnun məhdudlaşdırılması demokratik hesabatlılığa mənfi təsir göstərə bilər.  

Hazırda qanun layihəsi ilə bağlı müzakirələr davam edir və QHT-lər hökuməti təklif olunan dəyişiklikləri yenidən nəzərdən keçirməyə çağırırlar.