Böyük Britaniyada fəaliyyət göstərən FairSquare qeyri-hökumət təşkilatı FIFA prezidenti Canni İnfantinonun siyasi neytrallıq prinsiplərini pozduğunu iddia edərək Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Etika Komissiyasına rəsmi müraciət ünvanlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, insan hüquqları sahəsində fəaliyyət göstərən Böyük Britaniya mənşəli FairSquare qeyri-hökumət təşkilatı FIFA prezidenti Canni İnfantino ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin Etika Komissiyasına rəsmi şikayət təqdim edib.
QHT hesab edir ki, İnfantino son illərdə müxtəlif siyasi liderlərlə ictimai münasibətləri və bəzi beynəlxalq tədbirlərdə nümayiş etdirdiyi davranışlarla idman qurumlarında qəbul edilmiş siyasi neytrallıq prinsiplərinə zidd addımlar atıb.
FairSquare müraciətində Beynəlxalq Olimpiya Komitəsini məsələni araşdırmağa və etik qaydaların pozulub-pozulmadığını qiymətləndirməyə çağırıb.
QHT nümayəndələrinin fikrincə, beynəlxalq idman təşkilatlarının rəhbərləri siyasi neytrallığı qorumalı, fəaliyyətləri ilə təşkilatların müstəqilliyinə və nüfuzuna xələl gətirəcək addımlardan çəkinməlidirlər.
Hələlik FIFA və Beynəlxalq Olimpiya Komitəsi təqdim olunan şikayətlə bağlı rəsmi açıqlama verməyib. QHT isə beynəlxalq idman idarəçiliyində şəffaflığın və etik standartlara əməl olunmasının vacibliyini vurğulayıb.












