Almaniyanın İnsan Hüquqları Siyasəti və Humanitar Yardım üzrə Federal Komissarı Lars Kastelluççi Liviyaya səfəri çərçivəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələri və BMT rəsmiləri ilə görüşlər keçirir. Görüşlərdə insan hüquqları, miqrasiya və humanitar vəziyyət əsas müzakirə mövzularıdır.
QHT.az xarici mediaya istinadən bildirir ki, Almaniyanın İnsan Hüquqları Siyasəti və Humanitar Yardım üzrə Federal Komissarı Lars Kastelluççi iyulun 12–15-də Liviyanın paytaxtı Tripoliyə səfər edir. Səfərin əsas məqsədi ölkədə insan hüquqları sahəsində mövcud vəziyyəti, miqrasiya problemlərini və humanitar ehtiyacları yerində qiymətləndirməkdir.
Səfər çərçivəsində komissarın Liviya dövlət qurumlarının nümayəndələri, milli və beynəlxalq qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, eləcə də BMT-nin Liviyaya Dəstək Missiyasının (UNSMIL) təmsilçiləri ilə görüşlər keçirməsi nəzərdə tutulub. Görüşlərdə insan hüquqlarının qorunması, miqrasiya axınlarının idarə olunması, humanitar yardımın genişləndirilməsi və vətəndaş cəmiyyətinin fəaliyyət imkanları müzakirə edilir.
Lars Kastelluççi bildirib ki, Sudanda 2023-cü ildə yenidən alovlanan münaqişədən sonra təxminən 1 milyon insanın Liviyaya sığınması ölkədə humanitar və sosial problemləri daha da dərinləşdirib. Onun sözlərinə görə, miqrantların təhlükəli marşrutlara üz tutmasının qarşısını almaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.
Komissar həmçinin vurğulayıb ki, Almaniya Liviyada xüsusilə həssas əhali qruplarının müdafiəsi, səhiyyə xidmətlərinin gücləndirilməsi, qadın və gənclərin cəmiyyətə inteqrasiyası, eləcə də yerli icmaların inkişafına dəstək göstərən layihələri maliyyələşdirməyə davam edir.












