STMicroelectronics data mərkəzləri üçün gəlir proqnozlarını 2026 və 2027-ci illər üzrə artırdığını açıqlayıb. Şirkət bu qərarı süni intellekt (AI) infrastrukturuna artan güclü tələbat və istehsal gücünün genişləndirilməsi ilə əsaslandırıb.
Açıqlamadan sonra şirkətin səhmləri 10%-ə qədər yüksələrək 65.21 avroya çatıb. Bu göstərici 2000-ci ilin sentyabrından bəri ən yüksək səviyyə hesab olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, yeni proqnoza görə, STMicro 2026-cı ildə data mərkəzlərdən təxminən 1 milyard dollar gəlir gözləyir. Bu, əvvəlki “500 milyon dollardan xeyli yuxarı” proqnozundan əhəmiyyətli artım deməkdir. Şirkət həmçinin bildirir ki, mövcud bazar dinamikası davam edərsə, 2027-ci ildə gəlirlərin ikiqat artması mümkündür.
Analitiklərin qiymətləndirməsinə görə, data mərkəzləri 2027-ci il gəlir artımına təxminən 7% töhfə verə bilər. J.P. Morgan isə hesab edir ki, AI ilə bağlı yeni istiqamət proqnozları həm 2026, həm də 2027 gözləntilərini yüksəldəcək, amma təsirin daha çox 2027-ci ildə hiss olunacağı gözlənilir.
Şirkətin AI strategiyası əsasən GPU istehsalından çox, AI sistemlərinin enerji təchizatı və idarə olunması üçün lazım olan infrastruktur komponentlərinə yönəlib.






