Beynəlxalq və Ukrayna qeyri-hökumət təşkilatları ölkədə mülki infrastruktura qarşı davam edən hücumları pisləyərək mülki əhalinin və humanitar işçilərin qorunmasına çağırış edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, beynəlxalq və Ukrayna QHT-lərinin birgə bəyanatında bildirilib ki, son hava zərbələri nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Təşkilatlar mülki şəxslərin və mülki infrastrukturun hədəfə alınmasının beynəlxalq humanitar hüququn pozulması olduğunu vurğulayıblar.
QHT-lərin məlumatına görə, Ukraynanın enerji infrastrukturunun yarıdan çoxu zərər görüb. Hücumlar milyonlarla insanın elektrik, su və istiliklə təminatına ciddi təsir göstərir. Təşkilatlar xüsusilə soyuq hava şəraitində infrastrukturun dağıdılmasının insanların həyatını və əsas ehtiyaclara çıxışını təhlükə altına aldığını qeyd ediblər.
Birgə bəyanatda vurğulanıb ki, davamlı hücumlar səhiyyə sisteminin fəaliyyətinə, insanların psixoloji vəziyyətinə və uşaqların təhsilinə də mənfi təsir göstərir. Eyni zamanda, humanitar təşkilatların əməkdaşlarının təhlükəsizliyi səbəbindən ehtiyacı olan əhaliyə yardım çatdırmaq imkanları məhdudlaşır.
Təşkilatlar mülki şəxslərə və mülki infrastruktura hücumların dərhal dayandırılmasını, humanitar yardımların təhlükəsiz və maneəsiz şəkildə çatdırılmasını, beynəlxalq humanitar hüquqa əməl edilməsini və humanitar işçilərin qorunmasını tələb ediblər.
Bəyanatı ActionAid, Action contre la Faim, Caritas Ukraine, Christian Aid, IRC, Mercy Corps, Norwegian Refugee Council, Oxfam, Plan International, War Child və digər beynəlxalq və yerli təşkilatlar imzalayıb.












