Yeni araşdırma həftəsonu yuxu çatışmazlığını müəyyən qədər kompensasiya etməyin ürək sağlamlığına müsbət təsir göstərə və yüksək qan təzyiqi riskini azalda biləcəyini göstərib.

Qht.az xarici mediaya istinadən xəbər verir ki, Koreya Universitetinin alimləri təxminən 41 min iştirakçının məlumatlarını yeddi il ərzində araşdırıblar. Tədqiqatın nəticələri Münhendə keçirilən Avropa Kardiologiya Cəmiyyətinin konfransında təqdim olunub.

Araşdırmaya əsasən, həftə ərzində kifayət qədər yata bilməyən insanların həftəsonu əlavə yuxu alması hipertoniya riskinin daha aşağı olması ilə əlaqələndirilir. Xüsusilə, təxminən iki saatlıq əlavə yuxunun yüksək qan təzyiqi riskinin azalmasına müsbət təsir göstərə biləcəyi bildirilib.

Alimlər qeyd ediblər ki, fiziki fəaliyyət ürək-damar xəstəliklərinin qarşısının alınmasında əsas amillərdən biri olaraq qalır. Bununla belə, həftəsonu yuxusunun kompensasiya edilməsi kifayət qədər fiziki aktivliyi olmayan insanlar üçün əlavə fayda verə bilər.

Tədqiqat müəlliflərindən biri, Koreya Universitetinin əməkdaşı Dr. Nawton Lee bildirib ki, davamlı yuxu çatışmazlığı orqanizmdə əlavə stress yaradır.

Onun sözlərinə görə, bu vəziyyət ürək və qan damarlarının daha çox işləməsinə səbəb olur, nəticədə isə qan təzyiqi yüksələ bilər. Həftəsonu bir qədər çox yatmaq isə bədənə dincəlmək və yaranan stressi azaltmaq imkanı verə bilər.