BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisi (UNOSSC) Azərbaycanda təsis edilmiş Global South NGO Platform (GSNP)-ni qlobal reyestrinə daxil edib və platformanı tərəfdaş alyans kimi tanıyıb.

QHT.az xəbər verir ki, GSNP 2025-ci ildə Azərbaycanda yaradılıb və Qoşulmama Hərəkatı regionundakı QHT-ləri birləşdirir.

UNOSSC BMT sistemi çərçivəsində Cənub-Cənub və üçtərəfli əməkdaşlığın təşviqi və əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərir. GSNP-nin qurumun qlobal reyestrində təsdiqlənmiş profilinin yaradılması platformanın üzv təşkilatlarının fəaliyyət və təşəbbüslərinin daha geniş beynəlxalq auditoriyaya təqdim edilməsinə imkan verəcək.

Məlumata görə, yeni əməkdaşlıq mexanizmləri Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyəti institutları arasında təcrübə və bilik mübadiləsinin genişləndirilməsinə, həmçinin QHT-lərin beynəlxalq proseslərdə iştirak imkanlarının artırılmasına şərait yaradacaq.

UNOSSC platformasında fəaliyyət göstərən “Submit Your Demand” və “Offer Support” mexanizmləri vasitəsilə GSNP üzvləri əməkdaşlıq ehtiyaclarını və təkliflərini təqdim edə, potensial tərəfdaşlarla əlaqə yarada biləcəklər.

Platformanın əsas məqsədlərindən biri Qlobal Cənub QHT-lərinin beynəlxalq səviyyədə səsinin daha aydın eşidilməsinə, qlobal dialoq və qərarvermə proseslərində iştirakının genişləndirilməsinə və yeni tərəfdaşlıq şəbəkələrinin qurulmasına töhfə verməkdir.