"Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Nar”ın dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində məlumatlandırıcı sessiyalar təşkil olunur.
QHT.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbirlər 3 dekabr tarixində Gəncə şəhər 10 və 29 nömrəli tam orta məktəblərin şagirdləri və onların valideynlərinin iştirakı ilə keçirilib. Görüşdə rəqəmsal mühitdə mövcud olan təhlükələr barədə məlumat verilib, uşaqları bu təhlükələrdən qorumaq yolları izah edilib və ictimai məlumatlandırma materialları paylanılıb. Sual-cavab formatında davam edən sessiyalarda müvafiq mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd uşaqlar və valideynləri rəqəmsal texnologiya və resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirməklə hüquqlarının qorunmasını təmin etməkdir.












