3 dekabr 2024-cü il tarixində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycanın 44 günlük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş, şəhid mayor Vüsal Vəliyevin xatirəsinə ithaf edilən “Axirətdən gələn səs” qəhrəmanlıq dramının əsasında hazırlanan “Səs” tamaşasının premyerasını təqdim etdi. Tamaşanın quruluşçu rejissoru, musiqi və bədii tərtibatın müəllifi, rəqslərin quruluşçusu Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir.
Avanqard üslubda və qeyri-səlis təbəddülatla nümayiş olunan tamaşa, Qarabağ müharibəsində şücaət göstərən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin mübarizə ruhunu səhnəyə daşıdı. Əsərdə baş qəhrəmanla yanaşı, Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimov, Polad Həşimov və digər qəhrəmanların da adı böyük ehtiramla yad edildi.
Premyerada millət vəkilləri, elm və sənət xadimləri, şəhid ailələri, qazilər, eləcə də media nümayəndələri iştirak etdilər. Tamaşa izləyicilər tərəfindən böyük maraq və heyranlıqla qarşılandı.
Rollarda:
- Səmayə Nəbiyeva (Səmayə ana)
- Samir Əliyev (Vüsal)
- Əməkdar artist Esmiralda Şahbazova (Mədinə)
- Niyaməddin Səfərəliyev (İslam)
- Natiq Həziyev (Milli qəhrəman)
- Pərvin Dadaşova (İnci)
- Anar Həşimov (Elyar)
- Naibə Nemətova (Afaq)
- Xədicə Məmmədova (Snayper) və başqaları.
“Səs” tamaşası, Vətən müharibəsi mövzusunda səhnəyə qoyulan ilk əsər olaraq, xalqımızın qəhrəmanlıq salnaməsini sənət vasitəsilə gələcək nəsillərə çatdırmağı hədəfləyir.












