Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olub.

QHT.az xəbər verir ki, 2016- cı ildə orta məktəbi əla qiymətlərlə başa vurub və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunub. 2020-ci ildə universitetdən məzun olub və hərbi xidmətə yollanıb. Hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlayan Aqil Mirzəliyev 2020-ci il sentyabr ayının 27-dən başlayan Vətən müharibəsində Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərib və 20 oktyabr tarixində Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Aqil Mirzəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qürurla yad edirik! Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı