Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu QHT.az-a açıqlamasında QHT-lərin cəmiyyətdəki mühüm roluna toxunub. O bildirib ki, qeyri-hökumət təşkilatları (QHT) ölkənin bütün regionlarında geniş fəaliyyət göstərir və maarifləndirmə işlərində əhəmiyyətli yer tutur:
"QHT-lər cəmiyyətdə mühüm yer tutub. Hər regionda ən azı 5-10 təşkilat fəaliyyət göstərir və maarifləndirmə işlərində böyük rol oynayır. Qəbul olunmuş qanunların ictimaiyyətə çatdırılması, insan hüquqlarının qorunması, gender bərabərliyi, erkən nikahların qarşısının alınması, zorakılığa qarşı mübarizə kimi məsələlərin qanunvericilik çərçivəsində qəbul edilməsində QHT-lərin təklifləri əsas olub."
O, QHT-lərin yerli idarəetmədə qadınların iştirakını artırmaqda da mühüm rol oynadığını vurğulayıb: "Bu gün bələdiyyələrdə qadınların iştirakı 4%-dən 32%-ə yüksəlib. Bu, məhz QHT-lərin aktiv təbliğat və təşviqat fəaliyyəti sayəsində mümkün olub."
Bundan əlavə, narkotiklə mübarizə sahəsində də QHT-lərin Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə geniş profilaktik işlər apardığını qeyd edib. Eyni zamanda, gənclərin yeni texnologiyalara çıxış imkanlarının artırılması və maarifləndirilməsi sahəsində QHT-lərin rolunu önə çəkib.
Sonda o, Prezident Administrasiyasının məsul şəxslərinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və jurnalistlərə dəstək və əməkdaşlığa görə təşəkkür edib: "Siz jurnalistlər hər zaman bizim işlərimizi təbliğ edir, bizləri tanıdır və yadda saxlayırsınız. Bu gözəl işlərdə hər birinizə təşəkkür edirəm!" - deyə vurğulayıb.
Pərvanə Fərhadqızı
QHT.az










