Azərbaycanda ətraf mühit və insan sağlamlığı sahəsində fəaliyyət göstərən dörd ictimai birliyin həmtəsisçisi olduğu "Environmental Protection First" (EPF) koalisiyası yeni rəqəmsal xəritənin təqdimatını keçirir.
QHT.az xəbər verir ki, bu xəritə Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin Qafqaz regionunun ekoloji tarazlığına vurduğu təsiri əks etdirir.
EPF koalisiyası 2023-cü ilin yayında təsis olunaraq ilk fəaliyyətinə Naxçıvanla həmsərhəd olan Ermənistan ərazisində metallurgiya zavodunun tikintisinə etiraz bəyanatı verməklə başlamışdır. Koalisiyanın səyləri nəticəsində bu layihə dayandırılmışdır.
Koalisiya ötən iki il ərzində Ermənistan ərazisində 20-dən çox sənaye müəssisəsinin peyk görüntüləri əsasında hesabat hazırlamış və bu sənədləri Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərə təqdim etmişdir.
Təqdimatı keçirilən rəqəmsal xəritə "Azərbaycan Kartoqrafları" İctimai Birliyi tərəfindən 2024-cü ildə Azərbaycan, ingilis və erməni dillərində hazırlanmış “Ermənistan Respublikasının mineral xammal resursları” xəritəsi əsasında tərtib edilib. Bu xəritə Coğrafi İnformasiya Sistemləri (CİS) proqramları ilə hazırlanaraq ictimaiyyətin istifadəsinə təqdim olunur.










