Nikaha daxil olmağı arzu edənlər Azərbaycan Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməklə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə nikaha daxil olmaq barədə şəxsən yazılı ərizə verəcəklər. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. QHT.az Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərovdan MÜSAHİBƏ alıb.
- Fariz müəllim, Azərbaycan Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən tibbi müayinənin məzmunu və tələbləri nədir?
- Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və yerli büdcənin vəsaitləri hesabına həyata keçirilir. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Nikaha daxil olmaq barədə ərizə təqdim edilən zaman nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.
- Müayinə zamanı nələr yoxlanılır və qaydalar nədir?
- Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
- Nikah prosesinin başlanılması ilə bağlı icra hakimiyyətinin nümayəndəsi, qeydiyyat şöbəsi və konsulluq idarəsinin proseduru və məsuliyyəti necədir?
- Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda nikah ərizə verilən gün bağlana bilər. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər inzibati qaydada və məhkəməyə şikayət edə bilərlər. Ailə Məcəlləsinin 10 -cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
- Nikah prosesi ilə bağlı hər hansı məhdudiyyət və ya qadağalar mövcuddurmu?
- Ailə Məcəlləsinin 11-ci və 12-ci maddələrində deyilir ki, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Həmin Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Maddə 12-də nikahın bağlanmasına mane olan hallar qeyd olunub. Belə ki, bu hallarda nikahın bağlanmasına yol verilmir:
- Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
- Övladlığa götürənlər və övladlığa götürülənlər;
- İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
- Həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
- İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Pərvanə Fərhadqızı
QHT.az










