"7 fevral 2024-cü il tarixində növbədənkənar Prezident seçkilərində mən həm seçici kimi və Milli QHT Forumun müşahidəçisi kimi iştirak etdim. Respublikanın müxtəlif məntəqələrində seçkiləri müşahidə etdik və çox sevindirici və qürurverici bir mənzərə gördük”.

Bu sözləri Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Vətəndaşlar böyük istək və həvəslə seçkilərə qatılmışdı: “Məntəqələrin qarşısında uzun növbələrdə yorulmadan  duran insanlar öz seçki hüququnu nümayiş etdirdi. Onlar ölkəsinin güclü və işıqlı gələcəyi üçün səs verməyə gəlmişdilər. Seçkilər azad, şəffaf və demokratik mühitdə keçirilib.”.

QHT sədri seçkilərin şəffaf və beynəlxalq standartlara uyğun olmasını da vurğulayıb. Beynəlxalq müşahidəçilərlə də müəyyən məntəqələrdə görüşdüklərini qeyd edən İradə Rizazadə onların da vətəndaşlarımızın necə aktiv iştirakını qeyd etdiklərini vurğulayıb: “Azərbaycan vətəndaşı öz gələcəyini kimə həvalə etməsini, kimə inanmasını yaxşı bilir. Bunu mən bir seçici kimi də deyirəm”.

 

Pərvanə Fərhadqızı