“Bu seçkiləri biz Zəfər seçkisi kimi dəyərləndiririk. Çünki 30 ildir torpaqlarımız mənfur düşmənlərin ayaqları altında tapdanırdı. Şükürlər olsun ki, 44 günlük müharibədə zəfər çaldıq. Ali Baş Komandanımızın əzmi, iradəsi, eyni zamanda milli ordumuzun rəşadəti sayəsində bu Zəfərdən sonra ilk dəfə növbədənkənar prezident seçkiləri keçirildi”.
Bu sözləri "Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az-a açıqlamasında bildirib. QHT sədri əminliklə bildirib ki, onun kimi hər bir Azərbaycan vətəndaşları qürurla, inamla, fəxrlə iştirak edirdi: “Özüm də müşahidəçi olaraq Bakı şəhəri Səbail rayonu 7 saylı dairənin 1 saylı məntəqəsində müşahidəçi kimi iştirak edirdim. Saat 08.00 da vətəndaşların səsverməsi başladı. Biz saat 7-dən məntəqədə idik. Seçki ilə bağlı olan prosedur qaydaları məntəqə üzvləri tərəfindən yerinə yetirilmişdir. Biz bunu müşahidə etdik. Saat 8-də qapılar açılanda insanlar kütləvi şəkildə məntəqəyə daxil olmaq istədilər, lakin növbəli rejim yaradıldı. İnsanlar bir-biri ilə növbə ilə bağlı rəqabətə girirdi, canfəşanlıq edirdi”.
Vətəndaş cəmiyyətinin üzvlərinin çox aktivlik göstərdiyini, 6 mindən çox vətəndaş cəmiyyətinin üzvülərinin həm müşahidəçi, həm seçkilərdə iştirakını qeyd edən Nailə İsmayılova qadınların fəallığını görəndə qürur hissi keçirdiyini və özünün də qürurla səs verdiyini vurğulayıb: “Azərbaycanda quruculuq işləri həyata keçirilir, davam edəcək. Azərbaycan üçün yeni era, daha gözəl inkişaf mərhələsi başlayır, uğurla davam etdiriləcəkdir. Çox böyük faizlə İlham Əliyevin qazandığı qələbə hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Xalqımız çox doğru, dürüst və inamlı addım atdı ki, biz bunu da gözləyirdik. Müşahidə zamanı heç bir qüsur görmədik, qanun bizdən nə tələb edirdisə, prosedur qaydaları ilə seçkilər baş tutdu. Biz olduğumuz məntəqəyə çoxlu beynəlxalq müşahidəçilər gəlmişdir. Yerli müşahidəçilər də iştirak edirdi. Onlar seçkinin necə kemirilməsi ilə bağlı müşahidə apardılar. Gördülər seçki necə nizam intizamla keçirilirdi”.
Pərvanə Fərhadqızı










