Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən qadınlara ödənişsiz hüquqi xidmət göstərilir. Təşkilatın hüquqşünası Bakı Dövlət Universitetinin məzunu Elvin Hüseynovdur. Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi ən çox müraciət mövzusu olan Uşaqlar üçün valideynlərdən alimentin tutulmasına dair icra sənədlərinin icrası xüsusiyyətləri barədə hüquqşünas Elvin Hüseynov tərəfindən hazırlanmış məqaləni məlumatlandırma məqsədi ilə redaksiyamıza təqdim edib:
Aliment sözünün etomologiyası latın dilindən olan “alimentum” sözünə söykənərək hərfi mənada “yemək”, “qidalanmaq” kimi məfhumları ifadə edir.
Müasir Azərbaycan Respublikasının qanunvericiliyində aliment nikah və qohumluq əlaqələrindən irəli gələn münasibətlərlə bağlı bir şəxsin digər şəxsin xeyrinə müvafiq məbləğdə ödənişlərə cəlb olunması mahiyyətini daşıyır.
Bu məqalədə uşaqların saxlanması üçün valideynlərin aliment öhdəliklərinə dair icra sənədlərinin icra edilməsi xüsusiyyətlərindən bəhs olunacaq.
Uşaqların saxlanması üçün valideynlərdən birinin aliment ödənişlərinə cəlb edilməsi onların birgə yaşayış qaydalarının pozulması nəticəsində faktiki ailə münasibətlərinin zədələnməsi və uşağın saxlanması öhdəliyinin bir valideynin öhdəsinə düşməsinin iqtisadi baxımdan kompensasiya edilməsi mahiyyəti daşıyır.
Uşaqların saxlanması üçün valideynlərin aliment öhdəlikləri onların qarşılıqlı razılıqları ilə, belə razılıq əldə edilə bilməzsə, məcburi icra üsulu ilə icra edilir. Alimentin məcburi icra şəklində icrasına əsas qismində notarial qaydada təsdiq edilmiş aliment sazişləri, eyni zamanda məhkəmə əmrləri, qətnamələri, qərardadları çıxış edə bilər.
Aliment barədə sazişlərin icra xüsusiyyətləri
Aliment ödənilməsinə dair uşağın valideynləri arasında bağlanmış saziş mülki əqd statusu daşımaqla mütləq notarial qaydada təsdiqlənməlidir. Bu sazişdə tərəflər uşağın saxlanılması ilə bağlı alimentin icra üsulunu müstəqil müəyyən etmək hüququna malikdirlər. Bu üsullar şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə tutulmalarla, sabit pul məbləğində müntəzəm ödəməklə, sabit pul məbləğində birdəfəlik ödəməklə, əmlak təqdim olunması yolu ilə və s. formada müəyyən oluna bilər.
Aliment ödənilməsinə dair notarial qaydada təsdiqlənmiş saziş icra vərəqəsi qüvvəsinə malikdir.
Alimentə dair məhkəmələr tərəfindən verilən icra sənədlərinin icra edilməsi xüsusiyyətləri
Uşağın saxlanması barədə tərəflər arasında saziş olmadıqda aliment maraqlı şəxsin məhkəməyə müraciət etməsi yolu ilə qəbul edilmiş aktlar əsasında məcburi icra orqanları tərəfindən icra edilməklə tutulur.
Məhkəmə qətnamələri uşağın saxlanması barədə aralarında mübahisə olan valideynlərdən birindən digərinin xeyrinə alimentin tutulması barədə çıxarılır.
Bu zaman qətnamə ilə alimentin şəxsin qazanc və ya digər gəlirinin müəyyən hissəsindən, eyni zamanda sabit pul məbləğində vaxtaşırı tutulması qət edilə bilər. Əgər qətnamə alimentin şəxsin qazanc və ya gəlirinin müəyyən hissəsindən tutulmaqla ödənilməsini nəzərdə tutursa, icra məmuru tərəfindən həmin icra vərəqəsi şəxsə nəzərdə tutulan vəsaitin ödənilməsinə xidmət edən orqana, quruma, təşkilata göndərilir və icra edilir.
Alimentin sabit pul məbləğində tutulması qət edildikdə isə, müvafiq icra orqanının nəzarəti ilə borclu şəxs alimenti tələbkara ödəyir.
Aliment tutulmasına dair məhkəmə qətnamələri alimentin maraqlı şəxsin məhkəməyə müraciət etdiyi gündən hesablanır, qətnamə çıxarıldıqdan dərhal sonra icraya yönəlir. Aliment məbləğinin miqdarının dəyişdirilməsinə dair qətnamələr isə, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanır və icraya yönəlir.
Borclu şəxsin barəsində alimentə dair tam icra edilməmiş icra sənədi mövcuddursa və daha sonra eyni predmet barədə icra orqanına icra edilməsi üçün yeni icra sənədi daxil olursa, bu zaman əvvəlki icra sənədi üzrə borc tam ödənilməmiş həmin icra sənədi üzrə icraata xitam verilə bilməz.
Ödənilməmiş aliment borcuna münasibətdə borclu şəxsin barəsində icra qanunvericiliyi ilə müəyyən edilmiş məcburi icra və məsuliyyət (inzibati və cinayət) tədbirləri, məhkəmə aktı ilə yaranmış öhdəliyin icrası barədə icra məmurunun qanuni göstərişini icra etməyən sair şəxslərə münasibətdə isə məsuliyyət tədbirləri (inzibati) görülür. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin, habelə aliment tutula bilməyən gəlirlərinin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmişdir.
Aliment tələbləri borclu barəsində birinci növbə olaraq icra edilən tələblər siyahısındadır və eyni zamanda xeyrinə aliment ödənilən şəxs barəsində onun hər hansı digər borc öhdəliyinə görə aldığı alimentə yönəlmə tətbiq edilə, habelə alınan aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz.
Mübahisənin məhkəmədə tam həllinə qədər uşağın yanında olduğu valideynin mənafelərinin pozulmasının qarşısının alınması üçün məhkəmə ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə verdiyi ərizə əsasında işə təxirəsalınmaz müddətdə baxaraq qərardad qəbul etməklə alimentin mübahisənin mahiyyəti üzrə yekunlaşmasınadək müvəqqəti tutulmasını müəyyən edə bilər.
Belə qərardadlar dərhal icraya yönəldilməklə dərhal icra edilir.
Eyni zamanda tərəflər arasında mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtləri onlardan biri tərəfindən pozulduğu halda, məhkəmə həmin sazişi təsdiq edərək şərtlərin məcburi icrasına göstəriş verə bilər.
Beləliklə, aliment tələblərinə dair məhkəmələr tərəfindən verilən icra sənədləri mübahisə üzrə qəbul edilən qətnamələrdən, müvəqqəti alimentin tutulmasına və ya tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiqinə dair qərardadlardan, habelə tələbə sadələşdirilmiş icraatda baxılaraq qəbul edilən əmrlərdən ibarətdir.
Alimentə dair icra sənədləri üzrə icraata xitam verilməsi qaydaları
Uşaqlar barəsində alimentə dair icra sənədləri üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113-cü maddəsi ilə müəyyən edilir. Həmin maddə üzrə əsaslar aşağıdakılardır:
- Uşağın yetkinlik yaşına çatması və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etməsi;
- Aliment ödənilən uşağın övladlığa götürülməsi;
- Aliment alan şəxsin və ya aliment ödəyən şəxsin ölməsi.
Yuxarıda qeyd edilən ilk iki halda, borclu şəxsin icra sənədi üzrə borcu yoxdursa, icraata icra sənədinin tam icra olunması əsası ilə, üçüncü halda isə, borclu və ya tələbkar şəxsin ölməsi əsası ilə xitam verilir.
İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarının və yaxud qanuna görə icra sənədi sayılan sənədin ləğv edilməsi də aliment tələblərinə dair icra sənədi üzrə icraata xitam verilməsinin, eyni zamanda işin faktiki hallarından (AR Ailə Məcəlləsinin 109.2-ci maddəsində göstərilən hallarda) irəli gələrək ödənilmiş aliment məbləğinin geri qaytarılmasının əsasıdır.
Tələbkar şəxsin aliment tələbindən imtina etməsi yalnız bu hal uşağın maraqlarına uyğundursa və məhkəmə tərəfindən təsdiqlənirsə, icra sənədinə xitam verilməsi üçün əsas ola bilər.
Məqalədə qeyd edilənlərlə bağlı qanunvericilik bazası aşağıdakı kimidir:
- Azərbaycan Respublikası Ailə Məcəlləsi;
- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;
- “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu;
- Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı;
- “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı.
Hüquqşünas Hüseynov Elvin Hilal oğlu












