“Əvvəlki 3 ilin nəticələrinə diqqət etsək, deyə bilərəm ki, Birliyin 5 illik strateji planına uyğun olaraq 2021-ci ildə turizm sektorunun post pandemiya dövründə ki fəaliyyəti bizim təşkilatımızın işçi qrupu tərəfindən araşdırıldı, 4 ay boyunca regionda bu sektorla məşğul olan bütün sahibkarlıq subyektlərinin vəziyyəti təhlil olundu, ictimai dinləmə keçirildi və nəticələr haqqında hazırlanmış təkliflər paketi müvafiq orqanlara təqdim olundu”.

Bu fikirləri “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2022-ci ildə Şəkidə yaşayan və fəaliyyət göstərən qadın sahibkarları təşkilati, hüquqi və iqtisadi mövzularda maarifləndirildilər, nəticədə, 9 yeni biznes subyekti üçün layihələr tərtib olundu və 6 biznes subyekti üçün biznes inkişaf planları hazırlandı: “Bildiyimiz kimi, artıq 2023-cü il başa çatdı. Həmin il bizim təşkilatımız üçün uğurlu illərdən oldu. Belə ki, 2023-cü ildə  region gəncləri və yeniyetmələr üçün peşə təhsili və məşğulluqla bağlı təlimlər təşkil etdik. Təlimlərə yerli dövlət qurumlarından nümayəndələr dəvət etdik. Gənclərin müxtəlif iş adamları ilə görüşləri təşkil olundu. 12 nəfər gənclərin işlə təmin olunması üçün Şəki-Balakən Regional Məşğulluq İdarəsinə müraciət olundu. Həmçinin bu illər ərzində Birliyin nəzdində fəaliyyət göstərən Biznes Konsalting Mərkəzində 74 nəfər mikro və kiçik sahibkarların sənədləri hazırlanıb, vergi, sığorta və bank münasibətləri ilə bağlı tövsiyələr verilib, rastlaşdıqları çətinliklərin həllində onlara dəstək göstərilib”.

Qeyd edək ki, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi, adından da bəlli olduğu kimi ölkə səviyyəsində iqtisadi sahədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatıdır. Birliyin Nizamnaməsinə uyğun olaraq, məqsədi ölkə miqyasında iqtisadi problemləri öyrənməkdən, inkişafa dair təkliflər hazırlamaq, qeyri-neft sektorunun inkişafına dəstək verən layihələr hazırlamaq və icra etməkdən, mövcud iqtisadi prosesləri təhlil etmək və elmi-tədqiqat işləri aparmaqdan, qadınları, gəncləri və digər həssas qruplardan olan insanları sahibkarlıq, sənətkarlıq və peşə hazırlığı sahələri üzrə maarifləndirməkdən, regionlara xas olan turizmin, kənd təsərrüfatının və sənətkarlığın inkişafına yönəldilən tədbirləri həyata keçirməkdən ibarətdir.

 

Pərvanə Fərhadqızı