Bu gün İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan kimi sadiq bir qonşunun Naxçıvan ərazisinə bir neçə dronla zərbələrin endirilməsi oradakı hazırkı rejiminin çarəsizliyini, nankorluğunu və riyakarlığını göstərir. Azərbaycan Respublikası həmişə donc yanaşı yaşamaqla qonşuluq prinsipinə sadiq olub, bir neçə dəfə ən yüksək səviyyədə bildirilib ki, Azərbaycan ərazisindən İrana və ümumiyyətlə heç bir başqa ölkəyə heç vaxt təhlükə olmayıb və yoxdur.
Bu fikirləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İran İslam Respublikasının Ali dini liderinin həlak olması ilə bağlı dərhal başsağlığı verib, İranın Bakıdakı səfirliyini ziyarət edib. İranın hazırki molla rejimindən fərqli olaraq Azərbaycan Respublikası heç vaxt riyakar siyasət yürütməyib, dar gündə həmişə qonşularına dəstək olub, indi də məlum olur ki, Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırmışdır:
"Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisindəki orta məktəbi və mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi molla rejiminin nankorluğu ilə yanaşı, həm də dinc sakinlərə və mülki infrastruktura qarşı terror kimi qiymətləndirilməlidir. Mülki obyektlərə dronlarla hücum etmək acizlik və qorxaqlıq əlamətidir. Azərbaycana hücum edənlər isə həmişə peşman olublar, İran da bu qorxaq əməlinə görə peşman olacaq".
XXI Əsrin Qadınları İctima Birliyinin sədri Mahirə Əmiraslanova bildirib ki, Azərbaycan hər zaman qonşuluq prinsiplərinə sadiq qalıb və heç vaxt heç bir ölkə üçün təhlükə olmayıb. Buna baxmayaraq, Naxçıvanda mülki infrastrukturu hədəf alan dron hücumu molla rejiminin nankorluğunu və riyakarlığını bir daha göstərdi:
"Mülki obyektləri vurmaq acizlik və qorxaqlıqdır. Azərbaycana qarşı düşmənçilik edənlər tarix boyuşman olublar - İran da Naxçıvana yönəlmiş bu qorxaq addımına görə peşman olacaq".
“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev isə bildirib ki, mən 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur şəhərində anadan olmuşam. Uşaq vaxtlarım yadıma düşəndə ən çox yadda qalan hadisələrdən biri Ermənistan-Azərbaycan münaqişəsi dövründə yaşadıqlarımızdır. O vaxtlar Naxçıvana və ətraf rayonlara düşmən tərəfindən tez-tez mərmilər atılırdı, bombalar düşürdü. Naxçıvan blokada vəziyyətində idi və insanlar çox çətin günlər yaşayırdı:
"Yadıma gəlir ki, Şərura bombalar düşəndə kəndin, şəhərin kişiləri döyüşə gedirdi. Qadınlar və uşaqlar isə qorunmaq üçün zirzəmilərə, sığınacaqlara yığışırdıq. O günlər həqiqətən çox ağır idi. Mərmilərin, topların səsi hələ də qulağımdadır. Uşaqlıq travması kimi yaddaşımda qalıb. 2020-ci ildə 44 günlük Zəfərdən sonra Naxçıvan əhalisi çox sevindi. Hamı ümid etdi ki, Zəngəzur dəhlizi açılacaq və nəhayət Bakı ilə Naxçıvan arasında quru yol bərpa olunacaq. Hətta ölkə rəhbərimiz Cənab Prezident İlham Əliyev də çıxışlarında demişdi ki, artıq Naxçıvana tanklarla yox, öz şəxsi avtomobillərimizlə gedəcəyik. Bu sözlər bizə böyük ümid vermişdi.
Amma son günlər regionda yenidən gərginlik, müharibə söhbətləri eşidilir. Dünən İran rejiminin Naxçıvan istiqamətində dron hücumu xəbərləri məni çox sarsıtdı. Bu xəbəri eşidəndə öz uşaqlığım yadıma düşdü. Fikirləşdim ki, orada yaşayan məktəblilər, uşaqlar görəsən nə hiss edir? Onlar da bizim kimi qorxu yaşayırmı? Görəsən onların yaddaşında da bu səslər illərlə travma kimi qalacaqmı?"
QHT sədri həmçinin bildirib ki, mənim tək arzum budur ki, regionda sülh olsun. Qonşu dövlətlərin bir-birinə silah, mərmi atması insanlığa və insan hüquqlarına ziddir. Qonşuya hücum etmək, qorxu yaratmaq heç vaxt yaxşı nəticə vermir:
"Allah xalqımızı, millətimizi qorusun. Arzum budur ki, gələcək nəsillər bizim gördüyümüz müharibə səhnələrini görməsin və uşaqlar sülh içində böyüsünlər".
Pərvanə Fərhadqızı






