Hazırda dünyanın bir neçə bölgəsində ciddi silahlı toqquşmalar baş verir. Avropada Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Yaxın Şərqdə ABŞ və İsrail ilə İran arasında müharibənin miqyası genişlənməkdədir. Livanda Hizbullah ilə İsrail arasında toqquşmalar baş verir.

Afrikada Sudanda hökumət qüvvələri ilə paramilitar qruplar arasında vətəndaş müharibəsi davam edir. Asiyada isə Əfqanıstan–Pakistan sərhədində toqquşmalar müşahidə olunur, eyni zamanda Hindistan ilə Pakistan arasında gərginlik yenidən artmaqdadır. Bundan başqa, Myanmada vətəndaş müharibəsi davam edir.

Digər tərəfdən, hələ müharibəyə çevrilməsə də, Şimali Koreya ilə Cənubi Koreya arasındakı qarşıdurma, eləcə də Çin ilə Tayvan arasındakı gərginlik sanki “saatlı bomba” kimi geri sayım etməkdədir.

Bəs bütün bunları artıq dünya müharibəsi kimi qiymətləndirmək olarmı? Hələ ki, xeyr. Əvvəla, böyük dövlətlər arasında rəsmi müharibə elanları yoxdur. İkincisi, qarşı-qarşıya duran qlobal hərbi bloklar arasında birbaşa toqquşma baş vermir. Münaqişələrin əksəriyyəti regional xarakter daşıyır və bir-biri ilə vahid cəbhə yaratmır.

Digər mühüm amil isə nüvə balansıdır. Nüvə silahına malik böyük dövlətlər birbaşa müharibədən çəkinirlər, çünki belə bir qarşıdurma bütün bəşəriyyət üçün fəlakətli nəticələr doğura bilər.

Bu hadisələr daha çox Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsindən əvvəlki siyasi prosesləri xatırladır. Tarix göstərir ki, qlobal müharibələr birdən-birə deyil, uzun müddət davam edən regional gərginliklər və ittifaqların sərtləşməsi nəticəsində yaranır.

Unutmaq olmaz ki, III Dünya Müharibəsi baş verərsə, bu, əvvəlki müharibələrdən fərqli olaraq təkcə dövlətlər arasında deyil, həm də texnologiya, informasiya, iqtisadiyyat və kiberməkan üzərində aparılan çoxşaxəli bir qarşıdurma olacaq.

Dünya hələ ki, tam miqyaslı qlobal müharibə mərhələsinə daxil olmayıb. Lakin mövcud gərginliklər göstərir ki, beynəlxalq sistem ciddi sınaq qarşısındadır və gələcək illər dünya nizamının necə formalaşacağını müəyyən edə bilər.

 

Kənan Məmmədov

"Tarix sahəsində Maarifləndirməyə Dəstək" İctimai Birliyinin sədri