"Bölgədə gedən bu müharibə həm regionun iqtisadiyyatına, həm də dünya iqtisadiyyatına çox ciddi təsirlər göstərir. Bu gün bu təsirlərdən ən çox zərər görən isə, əslində, İran iqtisadiyyatının özüdür. Çünki son məlumatların təhlili göstərir ki, hazırda İran iqtisadiyyatında gündəlik hasilat azalıb və neft ixracı təxminən 40 faizə qədər düşüb".

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli REAL TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, müharibədən əvvəlki dövrlə müqayisədə demək olar ki, iki dəfə artım müşahidə olunur:

"İran hazırda ciddi maliyyə zərərləri ilə üzləşir. Çünki hasilatın azalması nəticəsində İranın gündəlik neft hasilatı təxminən 3 milyon bareldən 2 milyon barelə düşüb. Bu isə aylıq ifadədə təxminən 1 milyard dollar gəlir itkisinə səbəb olur. Bu, şübhəsiz ki, İran iqtisadiyyatına ciddi təsir göstərir və xüsusilə neft sənayesinə böyük zərbə vurur. Digər tərəfdən, İranın Hörmüz boğazı üzərində nəzarəti dünya logistikasına, yükdaşımaya və enerji təchizatına da təsir edir və bu imkanları müəyyən dərəcədə məhdudlaşdırır. Qeyd etmək lazımdır ki, Hörmüz boğazı yalnız neft ixracı üçün deyil, həm də digər yüklərin daşınması üçün mühüm logistika marşrutudur. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə, o cümlədən şimalda yerləşən regionlara yükdaşımalar bu boğaz vasitəsilə həyata keçirilirdi. Hazırda isə bu proseslərdə ciddi çətinliklər yaranıb".

QHT sədri bildirib ki, dünya üzrə gübrə istehsalı və ixracının təxminən 30 faizi də bu marşrut üzərindən həyata keçirilir. Bu isə gələcəkdə qida təhlükəsizliyinə, kənd təsərrüfatının inkişafına və məhsul istehsalına ciddi mənfi təsirlər göstərə bilər.

Pərvanə Fərhadqızı