QHT.az qeyd edir ki, siyasi icmalçı Zaur İbrahimov ABŞ-ın 11 sentyabrdan sonrakı müharibələrinin maliyyə və qlobal nəticələrini şərh edib.

"ABŞ-ın müharibə və əməliyyat xərcləri (faizlər və gələcək öhdəliklər daxil olmaqla) 8 trilyon dolları ötüb. Təkcə ilk altı gündə Müdafiə Nazirliyi 11,3 milyard dollar xərcləyib. 2026-cı ilin mart ayının sonuna qədər xərclər 27 milyard dolları keçib. Hazırkı hesablamalara görə, gündəlik təxminən 1,43 milyard dollar xərclənir ki, bunun 1 milyardı əməliyyat, 400 milyon dolları isə sursat xərclərinə aiddir.

Federal Ehtiyat Sisteminin rəhbəri Ceremi Pauerin açıqlamasına görə, 2026-cı maliyyə ili üçün dövlət borcuna xalis faiz ödənişləri 1 trilyon dolları ötəcək. Cari ilin ilk üç ayında faiz ödənişləri 270 milyard dolları aşaraq eyni dövrdəki müdafiə xərclərini üstələyib. Konqres Büdcə İdarəsinin proqnozlarına görə, borcun ÜDM-ə nisbəti 101 faizdən 2036-cı ilədək 120 faizə qalxacaq.

İraq və Əfqanıstandakı uzunmüddətli müharibələr ABŞ üçün geosiyasi dönüş nöqtəsi yaradıb. Bu müharibələr Amerika üçün qlobal liderlik mövqeyini zəiflədib, Çinin sürətli yüksəlişinə imkan yaradıb və mürəkkəb çoxqütblü bir dövr başlatıb.

Braun Universitetinin hesabatlarına görə, yalnız İraq və Əfqanıstan veteranları üçün əlillik müavinətləri üzrə öhdəlik 7,3 trilyon dollar təşkil edir. ABŞ-ın müdafiə və hərbi büdcəsi 2026-cı ildə ilk dəfə 1 trilyon dollara çatıb. İqtisadçı Heidi Peltier qeyd edir ki, hər bir milyon dollar müdafiəyə xərclənəndə təxminən 5 iş yeri yaranır, təhsilə yatırıldıqda 13, səhiyyəyə yatırıldıqda isə 9 iş yeri yaradılır. Bu isə ölkənin infrastruktur və texnoloji modernləşməsini gecikdirir, Çin isə bu boşluqdan yararlanır.

ABŞ-ın səhra müharibələri “liberal beynəlxalq nizam” brendinə zərbə vurub. Brand Finance-in 2026-cı il Qlobal Yumşaq Güc İndeksinə görə, ABŞ və Çin arasındakı fərq yalnız 1,5 baldır. Pew Araşdırma Mərkəzinin 2025-ci il sorğusu ABŞ-ın populyarlığının azaldığını və qlobal etimad boşluğu yarandığını göstərir.

ABŞ Yaxın Şərqdə hərbi fəaliyyət göstərərkən, Çin “Bir Kəmər, Bir Yol” və “Qlobal İnkişaf Təşəbbüsü” ilə qlobal inkişaf diplomatiyası qurub. Afrikada Çin əsas kredit verən ölkə, Latın Amerikada isə əsas ticarət tərəfdaşıdır. İki güc arasındakı yanaşma fərqi ABŞ üçün Qlobal Cənubda etimad boşluğu yaradıb.

Crossmedia.az xarici mediaya istinadən qeyd edir ki, ABŞ-ın müharibələrdə trilyonlarla dollar xərcləməsi həm daxili iqtisadiyyat, həm də qlobal liderlik mövqeyi baxımından ciddi nəticələr doğurur. Çin isə paralel iqtisadi və diplomatik strategiya ilə qlobal mövqeyini gücləndirib."

Zəhra Ağayeva