21 avqust 2026-cı il tarixində Milli Təhsil və İnkişaf Platformasının (MTİP) və “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə müəllimləri bir araya gətirən ilk networking səhər yeməyi keçirilib.
 

QHT.az xəbər verir ki, səmimi mühitdə təşkil olunan görüş müəllimlərin tanışlığına, təcrübə və fikir mübadiləsinə, yeni peşəkar əlaqələrin qurulmasına və əməkdaşlıq imkanlarının genişləndirilməsinə şərait yaradıb.


Tədbirdə çıxış edən “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Emin Xankişiyev bildirib ki, müəllimlər arasında təcrübə mübadiləsi və peşəkar əməkdaşlıq təhsilin inkişafına töhfə verir. O, belə görüşlərin yeni əlaqələrin qurulması, birgə təşəbbüslərin formalaşması və milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması baxımından əhəmiyyətini vurğulayıb.


Görüş çərçivəsində interaktiv networking fəaliyyətləri təşkil olunub. MTİP üzvlərinə üzvlük sertifikatları, iştirakçılara isə xüsusi hədiyyələr təqdim edilib.
Həmçinin platformanın qarşıdakı layihələri və müəllimlər üçün yaradılacaq yeni imkanlar barədə məlumat verilib.