Elektron Hökumət İnformasiya Sisteminin strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Yeni altsistem vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsini, eləcə də “İctimai iştirakçılıq haqqında” Qanunda nəzərdə tutulan ictimai iştirakçılıq formalarının elektron mühitdə təşkilini təmin edəcək.
“Elektron iştirakçılıq” altsisteminin yaradılması rəqəmsallaşan dünyada demokratik idarəetmənin inkişafı istiqamətində mühüm addımdır. Bu fikirləri QHT.az-a açıqlamasında Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov bildirib.
Mirəli Hüseynov qeyd edib ki, elektron iştirakçılıq çərçivəsində idarə olunan onlayn alətlərin tətbiqi demokratik təcrübələrin təkmilləşdirilməsi üçün yaxşı təşəbbüsdür. Onun sözlərinə görə, texnoloji imkanlardan vətəndaşların iştirakını stimullaşdırmaq məqsədilə istifadə edilməsi müasir dövrün tələblərindən irəli gəlir.
İctimai birlik sədri vurğulayıb ki, rəqəmsallaşdırma prosesi maraqlı tərəfləri bir-birinə daha da yaxınlaşdırır, onların qarşılıqlı əlaqəsini gücləndirir və iştirakçılığın inkişafı üçün yeni imkanlar yaradır. O bildirib ki, müvafiq rəqəmsal vasitələrin yaradılması genişmiqyaslı ictimai müzakirələrin aparılmasını, təklif və rəylərin təqdim edilməsini daha əlçatan və asan edir.
Mirəli Hüseynovun fikrincə, altsistemin ictimai təşəbbüslərin, təkliflərin və rəylərin qərarların qəbulunda real nəzərə alınmasına təsiri həm vətəndaşlardan, həm də dövlət orqanlarından asılı olacaq.
“Altsistemin uğurlu fəaliyyəti vətəndaşlardan aktivlik və təşəbbüskarlıq, dövlət orqanlarından isə məsuliyyət və hesabatlılıq tələb edir. Bu iki amil bir-birini tamamladığı üçün onların hər ikisinin təmin olunması vacib şərtdir”, – deyə o bildirib.
“Elektron iştirakçılıq” altsisteminin vətəndaşların və QHT-lərin dövlət idarəetməsində iştirakına müsbət təsir göstərəcəyini qeyd edən Mirəli Hüseynov bildirib ki, elektron alətlərin iştirakçılıq prosesinə tam şəkildə inteqrasiyası onların legitimliyini və istifadəsini artırmağa xidmət edəcək.
Onun sözlərinə görə, texniki baxımdan altsistem vətəndaşlar, QHT-lər və digər maraqlı tərəflər üçün rahat və əlverişli iştirak modeli təqdim edir. Bu model zamana və xərclərə qənaət etməyə, eyni zamanda məkandan asılı olmayaraq iştirak imkanları yaratmağa şərait yaradır.
İctimai birlik sədri hesab edir ki, altsistemin bu xüsusiyyətləri dövlət idarəetməsində iştirakçılığın genişlənməsi üçün müəyyən ümidlər yaradır. Bununla belə, gözləntilərin nə dərəcədə doğrulacağını platformanın praktik tətbiqi göstərəcək.
Platformanın formal mexanizmə çevrilməməsi üçün əsas diqqətin vətəndaş iştirakının təşviqinə yönəldilməsinin vacibliyini vurğulayan Mirəli Hüseynov bildirib ki, elektron iştirakçılıq alətləri hazırlanarkən başlıca məqsəd vətəndaşların demokratik proseslərdə fəal iştirakını təmin etmək olmalıdır.
Onun sözlərinə görə, vətəndaşlar ictimai həyatda daha fəal iştirak etməzdən əvvəl onların fikirlərinin qərar qəbuletmə prosesinə real təsir göstərdiyini və töhfələrinin nəticə verdiyini görməlidirlər.
“Əgər vətəndaş cəmiyyətinin mövcud elektron vasitələrdən həqiqətən istifadə etməsini istəyiriksə, onların bütün səviyyələrdə fəal iştirakını təşviq etməyə daha çox diqqət yetirməliyik”, – deyə o qeyd edib.
Mirəli Hüseynov rəqəmsallaşma prosesində mövcud problemlərdən birinin rəqəmsal imkanlar bərabərsizliyi olduğunu da diqqətə çatdırıb. O bildirib ki, onlayn vasitələrdən istifadə edə bilənlərlə bu imkanlardan məhrum olanlar arasında mövcud olan fərqin aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır.
Bu məqsədlə ölkə üzrə internetə çıxış imkanlarının genişləndirilməsini, insanların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsini, xüsusilə regionlarda internet infrastrukturuna investisiyaların artırılmasını, pulsuz Wi-Fi xidmətlərinin genişləndirilməsini və rəqəmsal bacarıqların artırılmasına yönəlmiş proqramların həyata keçirilməsini vacib hesab etdiyini bildirib.
İctimai birlik sədri əlavə edib ki, vətəndaşların təqdim etdikləri təkliflərə münasibətdə geribildirim mexanizminin qurulması da mühüm əhəmiyyət daşıyır.
“Vətəndaş elektron vasitələrdən istifadə etdikdən sonra onun töhfəsi barədə məlumatlandırılmalıdır. Bu, insanların elektron iştirakçılıq alətlərindən istifadəni davam etdirməsi üçün motivasiyanı artıran əsas amillərdən biridir”, – deyə Mirəli Hüseynov vurğulayıb.






