“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in İdarə Heyəti üzvü, təqaüddə olan ədliyyə general-mayoru Hüseyn Əlixanovun Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, hakimiyyətə qayıdışına həsr olunmuş “Xaosdan Zəkaya” və “Qələbəyə aparan yol” adlı 2 kitabı çox nəfis tərtibatla nəşr olunub.

QHT.az xəbər verir ki, 21 iyul “Beynəlxalq Əlillər Cəmiyyəti” (BƏCİB), “Türk Dünyası Turan Düşüncə Mərkəzi”, “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” ictimai birlikləri və “Əlillər Dünyası” qəzetinin təşəbbüsü və təşkilatçılığı, “Azərbaycanda Atatürk Mərkəzi”nin dəstəyi ilə həmin kitabların geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi keçirilib.

Tədbiri açıq elan edən BƏCİB-in sədri Tahir Xudiyevin təklfi ilə öncə Ulu Öndərimiz və bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. BƏCİB İdarə heyəti üzvü Məlahət Abdullayeva və “Turan Türk Xalqlarının
Mədəniyyətinin İnkişafına Dəstək” İB-in sədri Zərnişan Turan tədbir iştirakçılarına 2019-cu ildə nəşr olunmuş “Xaosdan Zəkaya” və 2023-cü ildə nəşr olunmuş “Qələbəyə aparan yol” adlı kitabların mahiyyəti və məzmunu barədə məlumat verərək kitablarda Azərbaycanımızın tarixinin mühüm və keşməkeşli mərhələsini əhatə edən yaxın keçmişimizin hazırki gənclərə və gələcək nəsillərə ötürülməsi məqsədi ilə qələmə alındığını bildiriblər.

Çıxış edənlər-yazıçı-publisist Asif Mərzili, professor Habil Qurbanov, BDU-nun professoru Firuzə Abbasova, Səhiyyə Nazirliyinin əməkdaşı Səmayə Şıxəliyeva, BƏCİB-in İdarə heyəti üzvü, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, əməkdar jurnalist Şəfəq Əlixanlı, Məhkəmə Ekspertiza Mərkəzinin böyük eksperti Almaz Bayramova, BİƏM-in sədri Rauf Zeyni, vaxtı ilə Naxçıvanda Ulu Öndərlə birgə çalışmış Rəşid Həsənov Hüseyn Əlixanovun prokurorluq və ədliyyə orqanlarında xidmət etdiyi uzun illər ərzində ictimai-siyasi vəziyyəti, müxtəlif hadisələr üzrə aparılan istintaqın müəyyən etdiyi nəticələri, o cümlədən müxtəlif dövrlərdə dövlət idarəçiliyində baş verən ayrı-ayrı təzadlı hadisələri, ən əsası isə Ümummilli lider Heydər Əliyevin geniş miqyaslı mənalı, Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən həyat və
fəaliyyətini ardıcıl, sadə, oxunaqlı dildə təsvir etdiyindən söz açıblar, bu kitabların yalnız tarixi faktların toplusu deyil, həmin hadisələrin bilavasitə iştirakçısı olan məsul vəzifəli şəxsin gördüklərinin, yaşadıqlarının reallıqla təsviri olduğunu qeyd ediblər.

Hüseyn Əlixanov çıxış edərək real faktlara əsaslanan qələmə aldığı “Xaosdan Zəkaya” və “Qələbəyə aparan yol” adlı kitabların hansı zərurətdən və hansı məqsədlərlə ərsəyə gəlməsi barədə ətraflı danışıb. Müəllif qeyd edib ki, həmin dövrdə çoxsaylı xarici kəşfiyyat orqanlarının təsiri və təzyiqi ilə həyata keçirilən təxribatların qarşısının alınmasına və ölkədə sabitliyin bərqərar olmasına yönələn fədakar xidmətlərinin, müstəqil dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında müstəsna rolunun və xalqımızın maddi-mədəni rifah halının yaxşılaşdırılması naminə Ulu Öndərin gördüyü möhtəşəm işlərin yaddaşlarda əbədiləşməsi məqsədi ilə qələmə alıb.

Tədbirdə Konstitusiya Məhkəməsinin, Ədliyyə, Səhiyyə, Təhsil, Müdafiə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinin, Məhkəmə Ekspertizası Mərkəzinin, Nizami Gəncəvi adına Ədəbiyyat İntitutunun, Penitensiar Xidmətinin, Milli Aviasiya Akademiyasının, Sosial Xidmətlər Agentliyinin, YAP Mərkəzi Aparatının, Bakı Yunus Emre Enstitusunun, “Huma quşu” Təhsilə Yardım Fondununun, eləcə də digər dövlət və ictimai təşkilatların əməkdaşları, KİV və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Təqdimat böyük maraqla qarşılanıb.