Elektron Hökumət İnformasiya Sisteminin strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Yeni altsistem vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsini, eləcə də “İctimai iştirakçılıq haqqında” Qanunda nəzərdə tutulan ictimai iştirakçılıq formalarının elektron mühitdə təşkilini təmin edəcək.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli elektron iştirakçılıq platformasının tətbiqinin dövlət-vətəndaş münasibətlərində yeni imkanlar yarada biləcəyini bildirib.
QHT.az-a açıqlamasında o qeyd edib ki, platforma effektiv şəkildə tətbiq olunarsa, vətəndaşların, vətəndaş cəmiyyəti institutlarının və digər maraqlı tərəflərin dövlət qərarlarının hazırlanması prosesinə daha rahat və sistemli şəkildə qoşulmasına şərait yaradacaq. Onun sözlərinə görə, xüsusilə QHT-lər üçün təklif və təşəbbüslərin vahid platforma üzərindən təqdim edilməsi dövlət-vətəndaş dialoqunun institusional əsaslarını gücləndirə bilər.
İlqar Hüseynli vurğulayıb ki, altsistemin real təsiri ilk növbədə təqdim olunan təklif və rəylərin necə qiymətləndirilməsindən asılı olacaq. O bildirib ki, vətəndaşlar və QHT-lər yalnız fikir bildirmək imkanı ilə kifayətlənməməli, eyni zamanda təqdim etdikləri təkliflərin hansı qaydada nəzərdən keçirildiyini və nəticələrinin qərar qəbuletmə prosesində necə əks olunduğunu da görə bilməlidirlər.
İctimai birlik sədri əlavə edib ki, platformanın uğuru təkcə onun yaradılması ilə deyil, həm də praktik fəaliyyəti ilə müəyyən olunacaq. Onun fikrincə, vətəndaşların və QHT-lərin təqdim etdiyi təkliflərə operativ baxılmalı, onların qəbul və ya rədd edilməsinin səbəbləri əsaslandırılmış şəkildə açıqlanmalı, qərar qəbuletmə prosesində bu təkliflərin real təsiri aydın şəkildə görünməlidir.
İlqar Hüseynli hesab edir ki, yalnız bu halda platforma ictimai etimadın möhkəmləndirilməsinə və dövlət idarəçiliyində vətəndaş iştirakının artırılmasına real töhfə verə bilər. Əks təqdirdə isə, o, sadəcə texniki vasitə kimi qalacaq və gözlənilən nəticələri verməyəcək.
Zəhra Ağayeva






