Elektron Hökumət İnformasiya Sisteminin strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Yeni altsistem vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsini, eləcə də “İctimai iştirakçılıq haqqında” Qanunda nəzərdə tutulan ictimai iştirakçılıq formalarının elektron mühitdə təşkilini təmin edəcək.

Elektron iştirakçılıq altsisteminin yaradılması dövlət idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində mühüm və mütərəqqi addımdır. Bu fikirləri QHT.az-a açıqlamasında Milli Məclisin deputatı, İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, hazırda vətəndaşların və QHT-lərin dövlət idarəçiliyində iştirakı müxtəlif mexanizmlər vasitəsilə təmin olunur və bu mexanizmlər müəyyən müsbət nəticələr verir. Lakin rəqəmsal transformasiya dövründə elektron hökumət və elektron idarəetmə sistemlərinin inkişafı yeni yanaşmalar tələb edir.

Onun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində elektron iştirakçılıq xüsusi diqqət mərkəzindədir və Azərbaycan da bu istiqaməti prioritet hesab edir. Azər Allahverənov xatırladıb ki, yaxın vaxtlarda Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib və burada rəqəmsal inkişafın mühüm istiqamətləri müzakirə olunub.

“Bu baxımdan elektron iştirakçılıq altsisteminin yaradılmasını çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu platforma vətəndaşların və QHT-lərin dövlət idarəçiliyində iştirakını sürətləndirəcək, onların iştirakını daha məhsuldar edəcək və yaxın müddətdə bunun müsbət nəticələrini görəcəyik”, – deyə deputat bildirib.

Azər Allahverənov hesab edir ki, yeni altsistem ictimai təşəbbüslərin, təkliflərin və rəylərin qərarların qəbulunda real nəzərə alınmasına ciddi töhfə verəcək.

Onun sözlərinə görə, bu gün vətəndaşlar və müxtəlif ictimai institutların nümayəndələri həm QHT-lər vasitəsilə, həm də fərdi təşəbbüslərlə öz təkliflərini geniş auditoriyaya çatdıra bilirlər. Xüsusilə sosial media üzərindən qanun layihələri və ictimai əhəmiyyətli məsələlərlə bağlı çoxsaylı rasional təkliflərin irəli sürüldüyünü qeyd edən deputat bildirib ki, bu, Azərbaycan vətəndaşlarının ictimai proseslərdə iştirak etmək istəyinin göstəricisidir.

“Vətəndaşlarda təşəbbüs hər zaman olub. Sadəcə, bunun üçün əlverişli mühitin və işlək alətlərin yaradılmasına ehtiyac var. Elektron iştirakçılıq altsistemi məhz bu imkanları təmin edəcək”, – deyə o vurğulayıb.

Deputat bildirib ki, yeni platforma bütün təşəbbüslərin, təkliflərin və rəylərin vahid məkanda toplanmasına, sistemləşdirilməsinə və təhlil edilməsinə şərait yaradacaq. Onun fikrincə, süni intellekt və rəqəmsal texnologiyaların imkanları sayəsində böyük həcmdə məlumatı qısa müddətdə analiz etmək, faydalı nəticələr əldə etmək mümkün olacaq.

Azər Allahverənov qeyd edib ki, belə təhlillər dövlət idarəçiliyində göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına kömək edəcək, vətəndaşlar və QHT-lər isə öz təşəbbüsləri, təklifləri və rəyləri vasitəsilə bu prosesin birbaşa iştirakçısına çevriləcəklər.

Platformanın formal mexanizmə çevrilməməsi məsələsinə də toxunan deputat bildirib ki, altsistemin əsas fəlsəfəsi məhz formallığın qarşısını almağa yönəlib.

Onun sözlərinə görə, sistem işlək vəziyyətdə saxlanıldığı və vətəndaşlarla QHT-lərin fəal iştirakı təmin olunduğu halda, daxil olan bütün məlumatlar emal ediləcək, təhlil olunacaq və onların əsasında konseptual yanaşmalar formalaşdırılacaq. Bu isə platformanın konkret nəticələr ortaya qoymasına imkan verəcək.

Deputat vurğulayıb ki, şəffaflıq, səmərəlilik və hesabatlılıq bu altsistemin mahiyyətindən irəli gələn əsas prinsiplərdir. Həm Prezidentin imzaladığı fərmanda, həm də “İctimai iştirakçılıq haqqında” qanunda bu məsələlərə xüsusi yer ayrıldığını diqqətə çatdırıb.

Azər Allahverənov hesab edir ki, sistemdə vətəndaşlarla dövlət qurumları arasında geribildirim (feedback) mexanizminin qurulması xüsusi əhəmiyyət daşıyır.

“Vətəndaş bilməlidir ki, təqdim etdiyi təklif qəbul olunubmu, hansı mərhələdədir, aidiyyəti quruma göndərilibmi və onun üzərində hansı iş aparılır. Belə bir geribildirim sistemi həm formallığın qarşısını alacaq, həm də şəffaflığı təmin edəcək”, – deyə deputat bildirib.

O əlavə edib ki, rasional təkliflərin əsasında dövlət qurumlarının fəaliyyətinin və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində qərarların qəbul edilməsi sistemin səmərəliliyinin əsas göstəricilərindən biri olacaq.

Azər Allahverənovun sözlərinə görə, gələcək mərhələdə platformanın daha da inkişaf etdirilməsi üçün əlavə rəqəmsal alətlərin tətbiqi də mümkündür. O, müxtəlif indekslərin və reytinqlərin hazırlanmasını, mütəmadi sorğuların keçirilməsini və digər analitik mexanizmlərin tətbiqini məqsədəuyğun hesab edir.

Deputat bildirib ki, bu yanaşma aidiyyəti dövlət qurumlarının fəaliyyətinə nəzarətin daha şəffaf və konstruktiv şəkildə təşkilinə imkan verəcək və elektron iştirakçılıq sisteminin davamlı inkişafını təmin edəcək.

Sonda Azər Allahverənov vurğulayıb ki, elektron iştirakçılıq altsisteminin yaradılması dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ictimai iştirakçılığın daha effektiv və nəticəyönümlü təşkilinə xidmət edən mühüm rəqəmsal mexanizm kimi çıxış edəcək.

Zəhra Ağayeva