Niderlandın çip istehsalı avadanlıqları istehsalçısı "ASML" süni intellekt (AI) çiplərinə artan tələbat fonunda 2026-cı il üzrə maliyyə proqnozunu artırıb və istehsal gücünü genişləndirəcəyini açıqlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, şirkət 2026-cı il üzrə xalis gəlir proqnozunu 36-40 milyard avrodan 43-45 milyard avroya yüksəldib. 2027 və 2028-ci illərdə isə EUV və DUV avadanlıqları üzrə istehsal gücü hər il 30 faiz artırılacaq.

ASML ikinci rübdə 9,33 milyard avro gəlir və 2,92 milyard avro xalis mənfəət əldə edib ki, bu da bazar gözləntilərini üstələyib. Müsbət nəticələrdən sonra şirkətin səhmləri 5,7 faiz bahalaşıb.

Şirkət bildirib ki, AI çiplərinə yüksək tələbat sifarişlərin artmasına səbəb olub. Eyni zamanda, "Intel" ASML-in yeni "High-NA" texnologiyasından istifadə edərək bəzi "Panther Lake" çiplərini istehsal edəcək.

ABŞ-nin ixrac məhdudiyyətlərinə baxmayaraq, ASML Çin bazarında tələbatın güclü qaldığını və bu il satışlarının təxminən 20 faizinin Çinin payına düşəcəyini gözləyir.