“Cənab prezidentin vurğuladığı kimi, biz hərb meydanında fəaliyyətimizi demək olar ki, başa vurmuşuq. Amma informasiya meydanında mübarizəmiz sonsuzdur. Ermənistanınn Azərbaycan xalqının mədəni, tarixi və dini irsinə qarşı hər zaman təcavüzü mövzu olmuşdur. Bu istiqamətdə ermənilərin cinayətkar əməllərinin ifşa olunması üçün biz kifayət qədər ciddi fəaliyyət göstərə bilməmişik. Bu baxımdan həyata keçirilən layihələr çox vacibdir. Bu layihələrin həyata keçirilməsi bir neçə istiqamətdə Azərbaycanın haqlı mövqelərini müdafiə edir, təhlükəsizlik baxımından da əhəmiyyətlidir”.
QHT.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclis üzvü Elşad Mirbəşir “Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz: BMT-nin rəsmi veb səhifəsi üçün hesabat” adlı layihənin yekunları ilə bağlı tədbirdə bildirib. Deputat qeyd edib ki, biz Ermənistanın terrorunu ifşa edirik, bununla da erməniləri Azərbaycan xalqına qarşı əsassız irad və ittihamlarını əhəmiyyətli dərəcədə neytrallaşdırmış oluruq: “Bu çox vacibdir. Azərbaycan ərazisində yaşamış ermənilər 2023-cü il 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirlərindən sonra könüllü olaraq mal və mülklərini götürüb, Azərbaycan ərazisini tərk edib, Ermənistan ərazisinə keçmişlər. Azərbaycan regionda sülhü dəstəkləyir, ərazimizdə olan ermənilərə reinteqrasiya ilə bağlı çağrışlarda da səmimiyik. Onlar xalqımıza qarşı əsassız ittihamlar səsləndirdilər. Guya Azərbaycan ərazisində erməni irsi məhv edilir, məhv edilibdir. Lakin Bakının mərkəzində ermənilərə məxsus kilsəni müasir tələblərə uyğun təmir etdirmişik. Eləcə də Azərbaycan ərazisində müxtəlif xalqlara məxsus mədəni, tarixi, dini abidələr mövcuddur, biz hər zaman onların mühafizəsinin qeydinə qalmışıq”.
Pərvanə Fərhadqızı












