Son illər  istəklərimizin gerçəkləşməsi üçün Tanrı bizə inanılmaz şanslar verir. Mən Şuşada olmuşdum, düz iki il əvvəl. Onda vətəndaş cəmiyyəti üzvləri ilə, qələbədən cəmi bir il keçmişdi. Həmin səfərdən yazdığım yazının adını “Şuşam, mənə bir nəğmə de” qoymuşdum. Şuşanın nisgilli halı məni çox kövrəltmişdi. İndi də Media İnkişaf Agentliyinin əsasən bölgə jurnalistləri üçün təşkil etdiyi Şuşa səfərinin iştirakçısı idik. Yüzdən artıq media təmsilçisi dekabr ayının 26-da səhər tezdən Şuşaya doğru istiqamət götürən avtobuslarda ürək çırpıntısı ilə öz yerlərini almışdılar. Bir-neçə nəfəri çıxsaq onların demək olar ki, hamısı Şuşada ilk dəfə olacaqdılar. Təbii ki, müxtəlif media kanalarında çalışdıqları üçün heç kəs səfərlə bağlı ən kiçik təəssüratı belə qaçırmaq istəmirdi. Telekanalların nümayəndələri artıq yoldanca canlı yayıma qoşulmağa başlamışdılar. Bir azdan dan yeri sökülməyə başladı. Sanki qış deyildi. Günəş üfüqdən boylandı, ucaldı-ucaldı, səfər boyu bizi tək qoymadı. Biz Zəfər yoluna çatanda Günəş artıq xeyli yüksəlmişdi. Deyəsən axı, Şuşanı Günəşlə bir salamlayacağıq.

Zəfər yoluna çıxmağımızla işgal zonasına girmiş olduq. Ətrafdakı dağıntıları canlı görmək , həqiqətən, bir başqa təəssüratdır. Hamı sükutla bu mənzərəni seyr edir, düşmənə nifrət hissi ilə igid oğullarımızın, qəhrəman ordumuzun keçdiyi döyüş yollarına baxaraq ürək ağrısı ilə müharibənin ağrı-acısını xatırlayırdı. Onlar yurd yerlərimizi viran qoymuşdular, lakin biz oraları azad edərək həmin əraziləri yenidən tikdik. Elə Füzuli rayonu ərazisində rastlaşdığımız tikinti-quruculuq işləri ürəyimizi fərəfləndirdi. Artıq bu yerlərə həyat qayıdıb. Çoxmərtəbəli binaların mənzillərində işıq yanır, insanların doğma yerlərə qayıtmaları üçün dövlət tərəfindən həyata keçirilən işlər sanki bir möcüzədir.

Zəfər yolu ilə irəlilədikcə o Şanlı Qələbədən sonra, cəmi üç ildə görülən işlərin miqyasını görməmək mümkün deyildir. Təbii ki, bu mənzərələri xarici jurnalistlər dəfələrlə görmüşdülər, bu dəfə növbə öz Mediamızın idi. O medianın ki, öz ordusu ilə birgə vuruşdu, o medianın ki, öz əsgərinin qəhrəmanlığını qürurla qələmə aldı, o media ki, şəhidi haqqında ürək yanğısı, göz yaşı  ilə yazdı. Bu səfər onlara hava-su qədər lazım idi. Həmkarlarım səfərin hər anını yaddaşa köçürürdü.

Zəfər yolu müqəddəs yoldur, çünki bu yolla Şuşa fatehləri irəliləyiblər. Biz bu gün rahat yolla rahat avtobusda oturaraq irəliləyiriksə onlar keçilməz meşələrdən, çiyinlərində ağır yüklə, gecə saatlarında, qaranlıqda irəliləyiblər. Onlar bu yollardan gedərək ağılalmaz bir əməliyyat həyata keçiriblər. Uzaqdan həmin qayalar, xüsusi təyinatlılarımızın dırmaşaraq Şuşaya qalxdıqları o qayalar görsənir. Bu qayaları gecənin qaranlığında dırmaşmaq doğurdan da möcüzədir. Aşağıda Daşaltıdır. Döyüşçülərimiz qayaları bir-neçə istiqamətdən qalxmışdılar. Bu tarix idi, özü də möhtəşəm tarix. Bu  tarixi oğullarımız qızıl hərflərlə yazdılar. Günəş bizimlə idi. Sanki, o şanli tarixin bütün qaranlıq nöqtələrinə işıq salırdı. İşıq salırdı ki, onların canı-qanı ilə yazdığı bu tarixi biz qələmimizlə yazanda heç bir anını buraxmayaq, gələcək nəsillərə onu bütün çalarları olə olduğu kimi çatdıraq.

Bu da Şuşa! Bu dəfə üzüm gülür. Çünki, bu üç ildə Şuşanın hüsnünün necə dəyişdiyini görə bilirəm. Bu üç ildə Şuşam kimləri öz qoynunda qonaq etmədi. Onlarla beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Yüzlərlə xarici media nümayəndəsinin, vətəndaş cəmiyyətlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfərləri təşkil olunub, onlara şərait yaradılıb ki, həqiqətləri öz gözləri ilə görsünlər. Görsünlər ki, Şuşa Azərbaycanın mədəniyyət beşiyidir, görsünlər ki, Şuşada dağıdılan bu binaların hər birində bir mədəniyyət xadimimiz dünyaya göz açıb. Şuşa çarpan ürəyimiz, vuran nəbzimizdir. Qələbə Şuşasız mümkün idimi? Əlbəttə yox. Ordumuz Şuşanı azad etməklə zəfərin zirvəsini fəth etmiş oldu. Düşmənə elə bir dərs verdi ki, əsrlər keçsə də onlar bunu unutmayacaqlar. Bu onların xəstə təxəyyüllərinin ən böyük məğlubiyyəti idi.

Biz Şuşaya daxil oluruq. “Əziz Şuşa biz gəlmişik” deyirik. Şuşanın dağlarının başı qarlı deyildi. Dağların üzərindən boylanan günəş bizimlə idi. İlk səfərimizdə girişdəki kiçik restoranda nahar etmişdik. Bu Şuşada ilk tikilən restoran idi. Bu dəfə bizi “Xarı bülbül” restoranına dəvət etdilər. Artıq Şuşada bir çox mehmanxana və restoranlar fəaliyyət göstərir. “Xarı bülbül” də onlardan biridir. Dekabr ayı olmasına baxmayaraq restoranın həyətində əkilən qızılgüllər sanki bahardakı kimi açmışdı. Bu gözəl təbiəti viran qoyanlara lənət oxuyuruq. 30 ildə Şuşanı bir xabazarlığa çevirən, təkcə binaları yox, təbiəti də məhv edən vəhşi qəbilənin nə düşündüyü, həqiqətən anlaşılan deyil. Onlar ancaq dağıtmışdılar, indi də gözləyirlərmiş ki, xarici havadarları gəlib tiksinlər. Axı, hazıra nazir olmaq onların xislətidir.

Şuşa gəzintisi Yuxarı Gövhər Ağa məscidindən başlayır. Məscid tam təmir edilərək istifadəyə verilib. Buradan Cıdır düzünə yollanırıq. Cıdır düzü bir simvoldur. Cıdır düzü təkcə Şuşalıların müqəddəs yeri deyil, bütün xalqın sanki, sabaha baxdığı, oradan vətənin bütün hüdudlarına göz yetirə bildiyi bir yüksəklikdir, bir ucalıqdır. Biz o ucalıqda idik və bütün ruhumuzla bu ilahi ucalıqdan ətrafa boylanırdıq. Biz buradan Topxananı gördük, biz buradan Xankəndini, Xocalını, Əsgəranı seyr edə bildik. Biz buradan ürəyimiz istəyən hər bir guşəyə nəzər yetirə bildik. Bu şəraiti bizə yaradan, bu xoş anları bizə yaşadan igid oğullarımıza minnətdarlıq hissi ilə, şəhidlərimizə rəhmət oxuyaraq, qazilirimizə şəfa diləyərək ətrafı seyr etdik. Ali Baş komandanımız İlham Əliyevin xaiqı qarşısında xidmətləri o qədər möhtəşəmdir ki, onu biz yox, tarix daha doğru-dürüst qiymətləndirəcək. O, tarix yazan şəxsiyyətlərdəndir. 2021-ci ildə Cıdır düzünün Xankəndi istiqamətində  bizi çox dayanmağa qoymamışdılar. Dedilər ki, qarşıdakı yüksəkliklərdə erməni postları var, ata bilərlər. Amma bu dəfə... Vallah, möcüzəni kənarda, əfsanələrdə axtarmaq lazım deyil. İndi artıq Xankəndində qələbə paradı keçirilir, Xankəndi stadionu futbol oyunlarına ev sahibliyi edir. Əsil həqiqət də budur. Bu həqiqətə çatmaq üçün yolumuz qərinələrdən keçdi. Bu gün həqiqət zəfər çalıb, dünya bunu qəbul etsə də etməsə də həqiqət budur. Ağa qara deməkdən yorulmayan dünyadır. Biz yolumuzu inamla davam etdirməliyik.

Şuşa təəssüratlarını bir yazıya sığışdırmaq çox çətindir. Atdığımız hər addım bir yazının mövzusudur. Biz bu zəngin təssüratımızı zaman-zaman yazılarımıza köçürəcəyik. Qala qapıları, İsa bulağı, M.P.Vaqifin məqbərəsi hərəsi bir tarixdir, hərəsi bir gözəllikdir. Natəvanın evi- bu ev hələ düzəldilməyib, lakin onun dağıdılmış halı, uçurulmuş divarları belə Azərbaycan memarlığının zənginliyindən, xalqın aristokrat yaşayışından, düşüncəsindən xəbər verir.

Artıq axşam düşüb. Qaş qaralıb. Yola düşmək vaxtı çoxdan çatsa da Şuşadan ayrılmaq istəmirik. Təşkilatçılar neçə dəfə müraciət etsə də media nümayəndələrini bir yerə yığa bilmir. Biz Şuşaya yenə gələcəyik, deyə nəhayət avtobuslarımız Zəfər yoluna çıxırlar. Çox qəribə bir mənzərə var, gündüz günəş yolumuzu işıqlandırmışdı, indi də ay süd kimi işığını keçdiyimiz meşələrə səpərək ecazkar bir mənzərə yaratmışdı. Ay bədirlənmişdi. Geri çönüb Şuşaya bir daha nəzər salırıq, ordan ayrılmaq çox çətindir. Ay işığına bürünən qayalıqların arxası Şuşadır. Salamat qal,  Günəşlə nurlanan, Ayla nazlanan Şuşam!  Sənə yenə dönəcəyik. Çünki sən hər bir Azərbaycanlının ilham qaynağısan. Təbii ki, MİA-ya da sonsuz təşəkkürlər, bu səfər üçün!

 

Elmira Mehdiyeva