Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Vətənpərvərlər" İctimai Birliyi (GVİB) tərəfindən “Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili” adlı layihə çərçivəsində növbəti təşəbbüs Azərbaycan Turizm və Menecment Universitetində gerçəkləşib.
QHT.az xəbər verir ki, 24 oktyabr tarixində keçirilən tədbir Gənclər Fondunun maliyyə yardımı ilə baş tutub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İctimai Birliyin bu tədbiri gənclər arasında və əhalinin, ictimaiyyətin ekoloji mədəniyyətinin müasir tələblər səviyyəsində formalaşmasına, ölkədə ekoloji cəmiyyətin bərqərar olmasına yönəlmişdir. Ekoloji sivilizasiya mahiyyət etibarı ilə ətraf mühitə, onun əsas amillərinə (hava, torpaq, su, flora, fauna və s.) neqativ və antropogen amillərin qarşısının alınması, təbii resurslardan düzgün və məqsədyönlü istifadə olunması və onların qorunub saxlanmasına yönəlib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, təşkilatçı İsa Həşimov tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, ekologiya elminin öyrənilməsi, təbliğ edilməsi, inkişafı və onun əsas müddəalarının yerinə yetirilməsi gənclərdən asılıdır. Bu yönümlü layihələrin mütəmadi həyata keçirilməsinə ehtiyac duyulur. Layihənin rəhbəri, ictimai xadim Müqəddəs Əliyev tədbir iştirakçılarını salamlayandan sonra layihənin mahiyyəti və bu layihədən çox sayda gəncin faydalanması barədə danışdı. M. Əliyev onu da qeyd etdi ki, COP29-un gənclər üçün geniş imkanlar yaratdığını, gənclər arasında beynəlxalq miqyasda birgə təşəbbüs və əməkdaşlığın vacibliyini vurğuladı. COP, dünyada qlobal iqlim problemlərinə diqqət çəkən ən əsas və mühüm platforma olaraq 1995-ci ildən başlayaraq bəşəriyyətin bir nömrəli problemi olan iqlim dəyişikliklərinin qarşısını almaq üçün dünya liderlərini bir araya gətirir. İqlim dəyişiklikləri ilə mübarizədə ən vacib qərarlar məhz COP çərçivəsində qəbul edilir.
O, həmçinin 1992-ci ildə Rio-de-Janeyro şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Konvensiyasının qəbul edildiyini və Azərbaycanın 1995-ci ildə bu konvensiyanı, 2000-ci ildə Kioto Protokolunu, 2017-ci ildə isə Paris Sazişini ratifikasiya etməklə qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulduğunu vurğuladı. Ölkəmiz neft-qaz cəhətdən zəngin olsa da, "yaşıl enerji" sahəsində inkişafa xüsusi diqqət ayırır. Belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi regionda iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə və sülhün inkişafına böyük təsir edəcəkdir.
ATMU-nun THİU sədri, könüllü təlimçi Samir Abdulayev beynəlxalq aləmi ciddi düşündürən və narahat edən kəskin iqlim dəyişiklikləri və temperaturun qlobal səviyyədə artmasının doğurduğu ciddi fəsadlar mövzusunda izah verdi. Digər çıxış edənlər — universitetin tələbələri Aydan Rəhimova, ADİU tələbəsi Sara Əliyeva, Quliyev Tahir, Sənan Bəndəliyev və başqaları gənclər arasında COP29-un iqlim dəyişikliyi məsələlərinin təbliğ olunması, təhsil müəssisələrində ekoloji mədəniyyətin müasir tələblər səviyyəsində formalaşdırılması və ekologiya elminin öyrənilməsi, ekologiyanın qorunması ilə bağlı təbliğat işinin aparılması barədə danışdılar.
Sonda “COP-29 nədir?” adlı videoçarx və fotoslayd nümayiş etdirildi, suallar cavablandırıldı. Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, müvafiq struktur rəhbərləri, layihə üzrə təşkilat komitəsinin üzvləri və QHT nümayəndələri iştirak ediblər.












