"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova 2020-ci ildə Gəncədə baş vermiş raket hücumu nəticəsində həlak olmuş bir uşaq — Şahnəzərli Mədinə Röyal qızı haqda paylaşım edib.

QHT.az həmin paylaşımı təqdim edir:

"Dünən Beynəlxalq Uşaqlar Günü idi. Uşaqların gülüşü, sevinci və xoşbəxtliyi üçün ayrılan bir gün. Amma müharibənin amansızlığı bəzi uşaqların uşaqlığını, arzularını və gələcəyini əlimizdən aldı.

Bu gün isə şəhid olmuş bir uşağın doğum günüdür. O, indi aramızda olmasa da, adı, xatirəsi və yarımçıq qalan arzuları qəlbimizdə yaşayır. Uşaqlar yaşamalı, böyüməli, arzularını gerçəkləşdirməli idi.

Şəhid olan bütün balalarımızı ehtiramla anır, onların xatirəsini sevgi və dualarla yad edirik. Doğum günün mübarək, mələk balamız. Unudulmadın, unudulmayacaqsan.

Şahnəzərli Mədinə Röyal qızı 2019-cu il iyun ayının 6-da Gəncə şəhərində doğulub. Gəncə sakini Şahnəzərli Mədinə Röyal qızı 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nəticəsində atası Şahnəzərov Röyal və anası Şahnəzərli Züleyxa ilə birlikdə həlak olub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Şahnəzərli Mədinə Röyal qızına şəhid statusu verilib".