Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklik öz təsdiqini tapıb.

Bəs dəyişikliklərin əsas məqsədi nədir, hansı sahələri əhatə edir və hansı tərəflərə təsir edir, hansı tərəflər üçün əhəmiyyət kəsb edir, Kommersiya mübahisələri ilə bağlı məhkəməyə müraciət prosedurunda hansı dəyişikliklər edilib?

QHT.az bu sualları Hüquqi- Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərova ünvanlayıb. Suallarımızı cavablandıran QHT sədri bildirib ki, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, mediasiya mülki işlər və kommersiya mübahisələri üzrə, xarici elementli mübahisələr də daxil olmaqla, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir: “Həmin Qanunun 3-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, tərəflər kommersiya mübahisələri, habelə əmək və ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli üçün məhkəməyə müraciət etməmişdən əvvəl bu Qanunun 28 və 29-cu maddələrinin tələblərinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməsi əksini tapıb. Lakin 2024-cü ildən  artıq Azərbaycanda mediasiyanın tətbiq dairəsi dəyişib. Bununla bağlı Prezident İlham Əliyev “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə  uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunurdu”.

Fariz Əkbərov qeyd edib ki, Qanunvericiliyə dəyişiklikdən öncə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrlə yanaşı, kommersiya mübahisələri də mediasiyanın tətbiq dairəsinə daxil idi. Bu dəyişikliklə kommersiya mübahisələrinin mediasiyanın tətbiq dairəsindən çıxardığını da vurğulayan QHT sədri həmçinin bildirib ki, 09.07.2019-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" Qanunda dəyişikliklər edilməsi barədə Qanuna və Azərbaycan Respublikası Prezidentinin 19.07.2019-cu il tarixli 1325 saylı sərəncamına əsasən ölkədə kommersiya məhkəmələrinin təşkil edilməsinə başlandı: “Kommersiya məhkəmələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrə (kommersiya mübahisələri də demək mümkündür) mülki məhkəmə icraatı qaydasında baxır. Kommersiya məhkəmələrində icraatın aparılması "elektron məhkəmə” informasiya sistemi vasitəsilə mümkündür. Bu sistem vasitəsilə icraatın başlanması üçün sənədlərin digər iştirakçılara və məhkəməyə göndərilməsi mümkündür. Onu da əlavə edim ki, Kommersiya məhkəmələrində işə tək hakim tərəfindən baxılır”.

Qeyd edək ki, Bankın öhdəliklərinin könüllü restrukturizasiyası və vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat, sahibkarlıq fəaliyyətinə aid olduğu halda, itirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı), qanunla səlahiyyətlərinə aid edilən digər işlər kommersiya məhkəmələrində baxılır.

 

Pərvanə Fərhadqızı