“Onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmaların yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır. Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq”. Bu sözləri Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Unutqanlıq gerçəkdən bizim üçün bir çox zaman kəsiyində ciddi problem olub. Tarixi gerçəkliklər sübut edir ki, bir çox faciələrimiz məhz unutqanlıqdan qaynaqlanıb. O baxımdan dövlət başçımızın bu mesajı gələcək hədəflərimizi dəqiq müəyyən edir.

Qeyd etmək istərdim ki, biz ermənilərlə qonşuyuq. Tarixən onlara qarşı münasibətimiz normal olub, Bu topluma məskunlaşmaq, yaşamaq üçün yurd yeri vermişik. Amma bundan belə onlarla dost olmaq öhdəliyimiz yoxdur. O baxımdan, tarixdən, bütün olub-keçənlərdən ibrət dərsi götürmək şərtilə qonşuluq prinsipləri qorunub saxlanmalıdır.

Digər tərəfdən erməni məsələsindən əlavə, Azərbaycanın həm Şimalında, həm də Cənubunda qanlı savaşlar davam edir. Bu müharibələrin nə zaman, necə başa çatacağı bəlli deyil. Belə münaqişələrin Cənubi Qafqaza təsiri, regional təhlükəsizlik üçün yeni risklərin yaranması mümkündür. Məhz belə məqamda Azərbaycanın həm diplomatik sahədə, həm də digər sferalarda güclü olması strateji hədəfdir.

Bu gün sülhə hazır olduqlarını göstərən N.Paşınyan hakimiyyətinin sabah vəziyyət dəyişən kimi hansı hava ilə oynayacağı bəlli deyil. Erməni mediasına açıqlama verən bəzi erməni politoloqlar qeyd edirlər: “Ermənistan indi zəif durumdadır, Azərbaycanla müharibə etmək iqtidarında deyil. Zaman keçdikcə, gücləndikcə yenidən öz sözümüzü deməliyik”.

Belə xəbis iddialar, çox düşünülmüş incə məqamlar bizim gözümüzdən yayınmamalıdır. XX əsrdə dəfələrlə belə ssenarilər olub. Ermənilər zəif düşən kimi quzuya dönüblər. Əlverişli şərait yarananda isə məkrli iddialarını ortaya qoyublar.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli