“Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək” layihəsi yekunlaşıb.

Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi mina və PHS-lərdən zərərçəkmiş şəxslərin və onların ailələrinin psixoloji vəziyyətinin yaxşılaşdırılmasına, sosial adaptasiyasına və cəmiyyətə reinteqrasiyasına dəstək olmaq, müharibənin yaratdığı psixoloji travmaların təsirlərinin azaldılmasına töhfə vermək olub.

Layihə çərçivəsində Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Laçın rayonlarında mina və PHS-dən zərərçəkmiş şəxslərlə iş aparılıb.

Bu ərazilərin hər birinin müharibə ilə bağlı özünəməxsus tarixi və insanların yaddaşında yaşayan ağır xatirələri var. Cəbhəyanı ərazilərdə yaşayan insanlar illərlə müharibənin səsini, təhlükəsini və itkilərini öz həyatlarında hiss ediblər.

Layihə komandası üçün hər bir görüş yalnız psixoloji xidmət göstərmək deyil, həm də insanın yaşadıqlarını dinləmək, onu anlamaq və özünü tək hiss etməməsinə dəstək olmaq demək idi.

Layihə çərçivəsində ilkin olaraq 50 nəfərin fərdi psixososial dəstək xidmətlərinə cəlb olunması nəzərdə tutulsa da, müraciət və ehtiyacların artması nəticəsində 57 nəfər psixososial xidmətlərdən yararlanıb.

Layihə müddətində benefisiarlarla fərdi və qrup formatında müxtəlif psixososial fəaliyyətlər həyata keçirilib. Psixoloqlar tərəfindən keçirilən görüşlərdə iştirakçıların emosional vəziyyəti qiymətləndirilib, onların yaşadığı stress və travmanın təsirləri müzakirə olunub, gündəlik həyatın çətinliklərinin idarə olunması ilə bağlı praktik yanaşmalar təqdim edilib.

Təlim və qrup görüşlərində stress, travma və psixoloji gərginliyin idarə olunması, ailədaxili münasibətlərin gücləndirilməsi, sağlam ünsiyyət bacarıqları, emosional vəziyyətin yaxşılaşdırılması, stresslə mübarizə və sosial adaptasiya kimi mövzulara xüsusi diqqət yetirilib.

Xüsusilə ailədaxili münasibətlər və sağlam ünsiyyət mövzularında keçirilən görüşlər göstərib ki, müharibənin psixoloji təsirləri yalnız fərdin özü ilə məhdudlaşmır. Yaşanan travma ailə münasibətlərinə, valideyn-övlad ünsiyyətinə və sosial münasibətlərə də təsir göstərə bilir.

Bu səbəbdən layihədə psixoloji dəstəklə yanaşı, ailənin psixososial dayanıqlığının gücləndirilməsi də əsas istiqamətlərdən biri olub. Keçirilən görüşlər zamanı müxtəlif həyat hekayələri dinlənilib.

Layihənin yekun mərhələsində “Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinin əməkdaşları ilə görüş keçirilib. Görüş zamanı layihə müddətində görülmüş işlər, əldə olunmuş nəticələr, qarşıya çıxan çətinliklər və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Görüşdə qeyd edildi ki, layihənin nəticələrini yalnız keçirilən tədbirlərin və iştirakçıların sayı ilə ölçmək düzgün deyil. Əsas nəticə bəzən bir insanın uzun müddətdən sonra öz hissləri barədə danışması, ailəsi ilə daha sağlam ünsiyyət qurmağa çalışması, yaşadığı stressi idarə etmək üçün yeni üsul öyrənməsi və ya gələcəyə daha inamlı baxmağa başlamasıdır. Bu baxımdan layihə komandası üçün hər bir görüş, hər bir dinlənilən həyat hekayəsi və hər bir göstərilən psixososial dəstək layihənin əsas nəticələrindən biri olub.

Bu layihə bir daha göstərdi ki, müharibədən sonrakı bərpa yalnız yolların, evlərin və infrastrukturun yenidən qurulması ilə tamamlanmır. İnsanların mənəvi və psixoloji dayanıqlığının bərpası da bu prosesin ayrılmaz hissəsidir. İnanırıq ki, insanın fiziki təhlükəsizliyi qədər onun psixoloji təhlükəsizliyi də vacibdir. Müharibənin görünməyən yaralarına toxunmaq, onları dinləmək və sağalma prosesinə dəstək olmaq isə cəmiyyət olaraq bizim ümumi məsuliyyətimizdir.

"Şəfa Psixoloji Sosial Yardım" İctimai Birliyi layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Qarabağ Dirçəliş Fonduna, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, layihə fəaliyyətlərində iştirak edən yerli tərəfdaşlara, mütəxəssislərə və ən əsası, öz həyat hekayələrini bölüşərək layihəyə etimad göstərən bütün iştirakçılara təşəkkürünü bildirir.